Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli Sərəncamı ilə üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər bu il noyabrın 6-na təyin edilmişdir. Milliyyətindən asılı olmayaraq, ölkəmizin seçki hüququna malik bütün vətəndaşları üçün Azərbaycan Respublikası Konstitusiyasının 2-ci və 56-cı maddələrinə uyğun surətdə səsvermədə öz iradələrini azad ifadə etməkdən ötrü hər bir şərait yaradılmışdır. Bu münasibətlə, 122 saylı Xankəndi və 124 saylı Şuşa–Füzuli –Xocalı–Xocavənd seçki dairələrinin seçicilərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının bu ərazilərində yaşayan və seçkilərdə iştirak etmək istəyən erməni millətindən və digər millətlərdən olan Azərbaycan vətəndaşlarının müraciətləri daxil olur. Bununla bağlı Mərkəzi Seçki Komissiyası hazırda Dağlıq Qarabağ regionunda yaşayan erməniləri və başqa millətlərdən olan bütün Azərbaycan Respublikası vətəndaşlarını özlərinin Konstitusiya hüququndan istifadə edərək qarşıdakı seçkilər zamanı səsvermədə iştirak etməyə çağırır.
Deputatlığa namizədlər barədə məlumat almaq və səsvermə prosesində iştirak etmək üçün office @ cec.gov.az elektron ünvanına, eləcə də 498-88-99 və 493-48-69 (faks) nömrəli telefonlara müraciət etməyiniz xahiş olunur.
Əlavə məlumat almaq üçün Azərbaycan Respublikasının xaricdəki səfirliklərinə və digər nümayəndələrinə müraciət etmək olar.
Bakı şəhəri, 19 oktyabr 2005-ci il.