AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
Belə ki, 2005-ci il oktyabrın 26-da əməliyyat-axtarış tədbirləri ilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisindəki stasionar postunda, Əli Bayramlı şəhər sakinləri, 1980-ci il təvəllüdlü Rəşad Quliyev, 1977-ci il təvəllüdlü Anar Cabbarov, 1970-ci il təvəllüdlü Yasəf Mehdiyev və qardaşı, 1975-ci il təvəllüdlü Rasəf “Mitsubisi Pajero” markalı avtomaşında saxlanılmışlar. Avtomaşına keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitələr – 602 qrama yaxın heroin və 597 qram marixuana, habelə bir ədəd “Sayqa-410K” markalı tüfəng və 39 ədəd patron aşkar edilərək götürülmüşdür.
Müəyyən edilmişdir ki, mütəşəkkil dəstənin üzvləri mütəmadi olaraq İran İslam Respublikasının Hüseyn adlı vətəndaşının onların sifarişləri əsasında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda narkotik vasitələri Beyləqan rayonu II Şahsevən kənd sakini, 1957-ci il təvəllüdlü Fərmayıl Süleymanov və onun oğlu, 1982-ci il təvəllüdlü Rəşad, habelə həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Bərzuyyə Allahverdiyev vasitəsilə əldə edərək, qanunsuz satışını həyata keçirmişlər. Fərmayıl Süleymanovun yaşadığı evə keçirilmiş baxış zamanı həyətindən 4 kiloqramadək heroin, 17 qrama yaxın marixuana, 34 min 500 ABŞ dolları, bir ədəd “Vinçester” markalı tüfəng aşkarlanaraq götürülmüşdür. Həmçinin Yasəf Mehdiyevin Bakı şəhərində yaşadığı mənzilə keçirilmiş baxış zamanı da bir ədəd yivli tüfəng, müxtəlif növ ov silahları, gecəgörmə cihazları, xüsusi optik nişangahlar aşkar edilmişdir.
Həmin gün dəstənin digər üzvü, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Emil Qasımov saxlanılarkən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsi olan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərmişdir. Emil Qasımova məxsus avtomaşına baxış zamanı 2 qrama yaxın heroin, yaşadığı mənzildən isə qaz tapançası aşkar edilərək götürülmüşdür.
Faktla bağlı 26 oktyabr 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmışdır. Yasəf və Rasəf Mehdiyev qardaşları, Rəşad Quliyev, Anar Cabbarov, Fərmayıl və Rəşad Süleymanovlar, Bərzuyyə Allahverdiyev və Emil Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
İşin materiallarında Emil Qasımovun hərəkətlərində, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinin əlamətlərinin olması nəzərə alınmaqla, cinayət işi istintaq aidiyyəti üzrə davam etdirilməsi üçün 2005-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.