Azərbaycan Respublikası “Qırmızı kitab”ının ikinci nəşrinin ilk variantı müzakirə olunmuşdur
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Respublikası “Qırmızı kitab”ının ikinci nəşrinin ilk variantı müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə ETSN-nin mütəxəssisləri ilə yanaşı, ekologiya ilə məşğul olan elmi-tədqiqat müəssisələrinin və QHT-lərin nümayəndələri də iştirak etmişlər.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Qırmızı kitab”ın ilk nəşrinin 1989-cu ildə çap olunduğunu, yeni nəşrin isə cərimələrdən toplanan vəsaitlərin və bir neçə beynəlxalq təşkilatın vəsaiti hesabına hazırlandığını diqqətə çarpdırmışdır.
H. Bağırov demişdir ki, reydlər zamanı quş və digər heyvan növlərinin qanunsuz ovlanması halları aşkar edilir. Bəzən elə heyvanlar olur ki, o heyvanı sadəcə təbiətə yaşamaq üçün buraxmaq lazımdır. Məsələn, oxatan kirpi sakit heyvan növüdür, onun ətindən də istifadə olunmur. Ancaq bəzən onu da tuturlar və satmağa cəhd edirlər.
Nazir bildirmişdir ki, brakonyerliyə qarşı cəzalar sərtləşdirilməlidir. İnsanlar təkcə kiçik cərimə ilə deyil, azadlıqlarını itirməklə də cəzalana biləcəklərini dərk etməlidirlər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru Validə Əlizadə ölkəmizdə son 20 il ərzində flora üzrə baş verən dəyişikliklərdən danışmışdır. Bildirmişdir ki, bu müddət ərzində ETSN tərəfindən bir çox bitkilərin qorunması ilə bağlı vəziyyət yaxşılaşmışdır, lakin bəzi bitkilər isə itmişdir. Buna görə də yeni monitorinqlərə ehtiyac vardır.
“Qırmızı kitab”ın ilk nəşrinə flora üzrə 140 bitki növünün daxil edildiyini deyən alim bildirmişdir ki, yeni nəşrdə onların sayı 300-ə çatmışdır. Onların 20-si ibtidai bitkilər, 14-ü göbələklər, 266-sı ali bitkilərdir.
AMEA-nın Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov isə bildirmişdir ki, birinci nəşrə 108 növ heyvan, ikinci nəşrə isə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilmişdir. Onların 75 növü həşəratlar, 9 növü balıqlar, 14 növü sürünənlər, 62 növü quşlar, 32 növü məməlilərdir.
Sonra çıxışlar ətrafında müzakirələr aparılmışdır.
Müzakirələrdə “Qırmızı kitab”ın yeni nəşrinin hələ son variant olmadığı bildirilmişdir. Eyni zamanda, kitabın hazırlanması ilə bağlı iradlar səsləndirilmişdir. Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən bütün növ bitkilərin yenidən şəklinin çəkilməsinin vacibliyi vurğulanmışdır.