AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 14-cü bəndinin birinci abzası ilə əlaqədar, Nazirlər Kabineti qərara almışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, məşğulluq xidməti orqanlarının ştat vahidlərinin sayı 603, o cümlədən Baş Məşğulluq İdarəsi üzrə 70, Miqrasiya İdarəsi üzrə 15, Naxçıvan Muxtar Respublikasının Məşğulluq İdarəsi üzrə 20, Bakı Şəhər Məşğulluq İdarəsi üzrə 13, rayon (şəhər) məşğulluq mərkəzləri üzrə 485 vahid müəyyən edilsin.
Azərbaycan Respublikası Əlilləri Sosial Müdafiə Fondunun bazasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin yaradılması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin ştat vahidlərinin sayı 170, o cümlədən mərkəzi aparat üzrə 32, Naxçıvan Muxtar Respublikası Əlillərin Sosial Müdafiəsi İdarəsi üzrə 6, zona şöbələri üzrə 132 vahid müəyyən edilmişdir.
Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və onun struktur bölmələrinin, məşğulluq xidməti orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.
“Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1997-ci il 16 sentyabr tarixli 109 nömrəli qərarı qüvvədən düşmüş hesab olunmuşdur (3-cü bənd istisna olmaqla).
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.