AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 may tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2002-ci il 27 sentyabr tarixli 148 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi Qaydası və şərtləri, habelə narkoloji xəstələr barədə tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın ikinci bölməsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının Siyahısı”nın 4-cü bəndinin 4-cü abzası aşağıdakı yeni redaksiyada verilsin:
“1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir”.
X X X
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 11 iyun tarixli qərarının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2002-ci il 27 sentyabr tarixli 150 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 5-ci bəndində və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 9 iyul tarixli 123 nömrəli qərarının 3-cü bəndinin 4-cü abzasında “hallara” sözü “həmçinin mülki mühakimə icraatı zamanı kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən aztəminatlı şəxslərə vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına” sözləri ilə əvəz edilsin.
Hər iki qərar imzalandığı gündən qüvvəyə minir.
X X X
Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı xəstəliyinin (AİDS) yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin 2002-ci il 25 sentyabr tarixli 205 s nömrəli qərarına əsasən AİDS-lə mübarizə və onun profilaktikası üzrə Azərbaycan Respublikasının Komissiyası tərəfindən hazırlanmış “İnsan immunçatışmazlığı xəstəliyinin (AİDS) yayılmasının qarşısının alınmasına dair” Milli Strateji Plan təsdiq edilmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.