AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Yeni, 2005-ci ilin astanasında, 2004-cü il dekabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə gəlişiniz və bu elm, mədəniyyət ocağının gələcək taleyi ilə bağlı müəyyənləşdirdiyiniz tədbirlər ilayrıcında bizim üçün əsil bayram hədiyyəsinə çevrildi. Amma böyük ölçüdə bu, Sizin bütün millətə sovqatınızdır, mənəvi dəyərlərimizə həssas münasibətinizin, qayğıkeş diqqətinizin parlaq ifadəsidir.
Ümummilli liderimiz Heydər Əliyev ömrü uzunu Azərbaycan ədəbiyyatı, mədəniyyət və elminin təəssübkeşi, himayədarı oldu. Azərbaycan klassiklərinə ölkə boyu ucaltdığı abidələrlə, möhtəşəm məqbərələrlə, xalqımızın bilik, söz və sənət mirasını qorumaq, yaşatmaq, yeni nəsillərə itkisiz ötürmək naminə yerinə yetirdiyi qaynar fəaliyyətlə milli öndər Heydər Əliyev, əslində, bu nəcib əməllərinin hər biri ilə həm də özünə abidə ucaldırdı.
Siz Azərbaycan dövlətinə rəhbərliyə başladığınız ilk gündən Heydər Əliyev yoluna sadiq qalacağınızı, bu yolun davamçısı olacağınızı bəyan etmişdiniz.
Prezidentliyinizin arxada qalan birinci uğurlu ili Sizin bu vədinizə etibarınızın ifadəsinə çevrildi.
Prezidentliyinizin ilk ilində Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinə, mənəvi sərvətlərinə qayğılarınız belə bir həqiqəti bariz şəkildə nümayiş etdirdi ki, Siz daxili və xarici siyasətin ən müxtəlif sahələri ilə yanaşı, bu istiqamətdə də böyük Heydər Əliyev dövlətçilik məktəbinin fəlsəfəsinə yaradıcılıqla əməl etməkdəsiniz.
Hələ Azərbaycan dövlətinin sükanı arxasına keçməzdən xeyli əvvəl, ölkəmizin Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq edərkən, həmin mötəbər dünya təşkilatının rəhbərlərindən biri kimi Sizin əsas mübarizə hədəflərinizdən biri mədəniyyətimizə, elmimizə, təhsilimizə, bütövlükdə mənəvi irsimizə təcavüzkar Ermənistanın vurduğu zərərlərin miqyasını dünyanın nəzərinə çatdırmaq, erməni işğalının bu yöndəki fəsadlarının irəliləməsinin qarşısını almaq, vurulmuş yaraların sağaldılması üçün qətiyyətli addımlar atılmasına nail olmaq idi. Azərbaycanın işğal altındakı ərazilərində qalan mədəni sərvətlərin işğalçı qonşu tərəfindən qəsb və məhv edilməsi, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası, Azərbaycanın mədəniyyət paytaxtlarından biri kimi tanınan Şuşanın tarixi abidələri, qaçqın və məcburi köçkünlərin təhsili ilə əlaqədar sənədlər Sizin təşəbbüsünüzlə hazırlandı. Cənubi Qafqazda mədəniyyətin vəziyyəti, qaçqınların, məcburi köçkünlərin təhsili ilə bağlı məruzələrin Avropa Şurası Parlament Assambleyası kürsüsünə çıxarılması və bu problemlər üzrə məruzəçilərin məhz azərbaycanlılardan təyin edilməsi Sizin səyləriniz, nüfuzunuz və inadınız nəticəsində gerçəkləşdi.
Bu məsələləri azərbaycançılığın, dövlətçiliyin təməl daşlarından hesab etməyinizdəndir ki, ölkəmizin rəhbəri olaraq, daha böyük təsir imkanları əldə etdikdən sonra həmin sahələrə diqqətləriniz də, konkret bəhrəsi olan işləriniz də dəfə-dəfə artmışdır.
Nizami ocağına, ölkəmizin baş Ədəbiyyat Muzeyinə qayğınız həmin dəyərli işlərdən yalnız biridir. Amma Sizin elə bircə bu Mənəvi Məbədlə bağlı niyyətləriniz, qısa müddətdə görülməsinə müvəffəq olduğunuz və başlanan ildə görülməsini düşündüyünüz işlər apardığınız mədəniyyət siyasətinin nə qədər köklü, çoxşaxəli, gələcəkli olduğunu aşkar edir.
Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat Muzeyi bir xalqın ən qədim zamanlardan müasir dövrədək yaradılmış söz yatırını əks etdirən muzey olaraq Şərqdə birinci və yeganədir.
Həm də bura yalnız muzey deyil, eyni zamanda elmi tədqiqat institutudur.
Həm də bura digər muzeylərdən fərqli olaraq, bilavasitə Azərbaycan təhsili - orta və ali məktəblərlə sıx bağlı olan, təhsilin inkişafını təmin edən savad mərkəzidir.
1939-cu ildə gəncəli dahinin anadan olmasının 800 illiyi ərəfəsində Azərbaycan hökumətinin qərarı ilə yaradılmış bu muzey yaşı 150-dən çox olan gözəl bir tarixi binada yerləşir.
Bakı quberniyasının ilk baş memarı olmuş Qasım bəy Hacıbababəyovun layihəsi əsasında bu inşaat incisində birinci dəfə əsaslı təmir və yenidənqurma işləri 1860-cı illərdə, sonuncu kərə İkinci Dünya müharibəsi dövründə, həmin tarixi bina muzeyə çevrilərkən aparılıb.
Nizami muzeyi 1945-ci ilin 14 mayında qapılarını ilk qonaqlarına açıb. Aradan 60 il keçib, muzey içəridən zənginləşib, sərvətləri artıb və bura gerçək bir mənəviyyat xəzinəsinə dönüb. Bu onillərin axarında Nizami muzeyi Azərbaycana misilsiz xidmətlər göstərib, Vətənimizin şöhrətinin və mənəvi qüdrətinin artmasına yardımçı olub. Dünyanın dörd bucağından gələn milyonlarla tamaşaçı muzeyin zallarından keçərək, Azərbaycanı daha artıq tanıyıb, xalqımıza məftun kəsilib.
Lakin təbii olaraq, vaxt ötdükcə bu tikili köhnəlib, həm içəridən, həm çöldən qocalıb, ilkin gözəlliyi solub nimdaşlaşıb.
Biz hamımız bu binaya, bu mədəniyyət və elm mərkəzinə borcluyuq.
Və nə gözəldir ki, Nizami muzeyinə yeni həyat verilməsi, buranın ən şöhrətli dünya muzeylərinə uyğun yenidən qurulub təmir edilməsi ideyasını, hamımızın bu Ocağa olan borcunu qaytarmaq təşəbbüsünü Siz irəli sürdünüz.
Bu haqda Sizə müraciət olunmasını gözləmədən həmin qərarı verdiniz, Sizin qarşınızda belə bir təklifin haçansa qaldırılmasını qabaqlayaraq, qocaman muzeylərimizə yeni qan və can verilməsi fikrini özünüz irəli sürdünüz.
İlk növbədə məni riqqətə gətirən və minnətdar edən məhz bu cəhətdir. Yalnız öz ölkəsinə doğma evi, öz ölkəsinin sərvətlərinə babaların ən müqəddəs əmanəti kimi baxan dövlət başçısı bu cür edər.
Məni sevindirən odur ki, məhz bu cür olduğunuza, bu cür düşündüyünüzə, belə vətənpərvər və millətsevər qəlb və ruh daşıdığınıza görə sabah yenə kiminsə müraciətini, təşəbbüs qaldırmasını gözləmədən yurdumuzun başqa ehtiyacları barədə də elə bu qəbildən olan digər vacib, əhəmiyyətli təşəbbüslərdə bulunacağınız istisna deyil.
Bir neçə ay öncə Nizami muzeyinin yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar layihələrin hazırlanması barədə göstəriş vermişdiniz.
Siz verdiyiniz sözlərə sadiq, vədlərinə etibarlı şəxsiyyətsiniz. Amma eyni zamanda Sizə verilən sözlərin, müəyyən etdiyiniz vəzifələrin necə yerinə yetirilməsinə də ciddi nəzarət edən idarəçisiniz.
Söz verdiniz, sözün əmələ çevrilməsi üçün öncə layihələri sifariş etdiniz, cizgilərin hazırlanması gedişatını arxada qalan aylarda mütəmadi izlədiniz və nəhayət, 2004-cü ilin bitəcəyində artıq hazır layihələrlə yaxından tanış olaraq iradlarınızı söylədiniz, məsləhət və göstərişlərinizi verdiniz, arzularınızı bildirdiniz.
“İşə başlayın, hər şey ən müasir dünya tələbləri səviyyəsində olsun, mənə ardıcıl məlumat verin, işləri diqqətdə saxlayacağam”, - söylədiniz.
Əlbəttə, belə də olmalıdır. Axı bu, həm də Sizin əsərinizdir.
Biz “muzey 60 il əvvəl əsaslı təmirdən və yenidənqurmadan çıxaraq yarım əsrdən çox hüsnünü saxladı, xalqa qulluq etdi, indiki yenidənqurma və təmirin nəticəsi də heç olmazsa, 50-60 il çəkər” - deyəndə, Siz etiraz etdiniz: “Biz elə layiqli iş görməliyik ki, azı 100 il muzeyin əsaslı təmir və yenidənqurmaya ehtiyacı olmasın. Bunu edəcəyik də!”.
Bu gün Azərbaycanın hər yerində və xüsusən, paytaxt Bakıda böyük quruculuq işləri gedir, ölkəmiz gün-gündən gözəlləşir, bir-birindən yaraşıqlı müəssisələr, komplekslər inşa edilir, yaraşıqlı binalar ucaldılır, insanlar illərcə arzusunda olduqları gözəldən-gözəl yeni mənzillərə köçməyin sevinci ilə yaşayırlar.
Hər kəsin arzusudur ki, geniş, rahat mənzildə, cazibəli, nəfis memarlığı olan binada ömür sürsün.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi 3 min illik ədəbiyyat və mədəniyyətimizin Evidir, hamımızın əcdadı olan bütün klassiklərimizin Əbədi Mənzilidir.
Amma bura həm də istiqlalımızın binasını ucaltmış, XX əsrin başlanğıcında ilk müstəqil dövlətimizin qurucuları olmuş unudulmaz xalq fədailərinin Evidir. Sözün həm məcazi, həm də birbaşa mənasında. 1918-ci ilin sentyabrında Bakı bolşevik və erməni tör-töküntülərindən azad edildikdən sonra paytaxt Gəncədən Bakıya köçdü və Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Kabineti o vaxt “Metropol” mehmanxanası adlanan bu binada yerləşdi. İlk nazirlərimiz həmin binada həm yaşayır, həm də işləyirdilər.
1918-ci ildə birinci Baş nazirimiz Fətəli xan Xoyski tarixə həkk olunan ibrətli sözlər söyləmişdi. Demişdi ki, respublika qurmuşuq, müstəqil dövlət yaratmışıq, ömrünün nə qədər çəkəcəyini zaman göstərəcək. Amma bir həqiqət indidən aydındır və gələcək nəsillərin qarşısında məhz ona görə indidən alnıaçığıq ki, biz müstəqil olmağın bünövrəsini qoyur, irsini yaradırıq. Demək, bizim varislərimiz olacaq. Varislərimiz olacaqsa, istiqlalımız yaşayacaq.
Hörmətli cənab Prezident!
Siz müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi bu gün böyük dövlət adamı Heydər Əliyevin varisi olmaqdan daha əvvəl, məhz Onların varisisiniz.
Qətiyyən təsadüf deyil və yəqin zamanın rəmzi qismətidir ki, bu gün Nizami muzeyi İstiqlaliyyət küçəsindədir.
Siz bu binanın həyatında başlanacaq yeni səhifəni açmaqla həm də o istiqlalçı babaların qarşısında bir varis olaraq borcunuzdan çıxırsınız.
Bəlkə elə bu muzeyin girəcəyində, İstiqlaliyyət küçəsində təmir bitənəcən həmin şərəfli insanların xatirəsini əbədiləşdirən bir abidə də yarandı?!
Hörmətli cənab Prezident!
Bir fərd ona göstərilən qayğını zaman sovuşduqca unuda bilər, bir insanın ona edilən yaxşılığın böyük qiymətini gərəyincə bilməməsi də mümkündür. Xalqın və Tarixin yaddaşı isə yanılmır.
Sizin gördüyünüz işin mənası və siqləti o qədər böyükdür ki, bunun adı bütöv Vətənə və Millətə yaxşılıq deməkdir.
Xalqın və Tarixin minnətdar hafizəsində belə pak və xeyirxah əməllər daimi yaşayır.
Həyatını siyasətlə, dövlətçiliklə bağlamış bir insanın bundan böyük, bundan üstün nə qazancı ola bilər ki!
Bu Yol Sizin yolunuz, bu Yol Sizin Taleyinizdir.
Vətənimiz və Millətimizin xoşbəxt, nurlu gələcəyi xatirinə bu Yolunuz uğurlu olsun!
Başlanan yeni iliniz, Azərbaycanımızın bütün Sabahları Mübarək olsun!
Hörmətlə,
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi adından, muzeyin direktoru, millət vəkili
Rafael Hüseynov
1 yanvar 2005-ci il.