AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 100 illik, respublika səviyyəsində onların mərkəzi orqanının təsis edilməsinin 85 illik yubileyi günlərində təşkilatımıza və onun milyon yarımlıq üzvlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bir əsrlik tarixə malik Azərbaycan həmkarlar ittifaqları yarandığı vaxtdan etibarən böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, qarşıya qoyduğu nəcib və humanist məqsədlərinə çatmaq üçün bütün qüvvələrini səfərbər edərək, böyük inkişaf yolu keçmişdir. Fəaliyyətinin ilk onilliklərində insanların əmək və sosial hüquqlarının qorunması naminə ağır mübarizəyə qatlaşan həmkarlar ittifaqları bütün təzyiqlərə mətanətlə sinə gərmiş, ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirmişlər.
Həmkarlar ittifaqları keçmiş sovet hakimiyyəti illərində cəmiyyətin sosial-iqtisadi həyatının yenidən qurulmasında, vətəndaşların sosial-məişət problemlərinin həll olunmasında, əmək şəraitinin yaxşılaşdırılmasında fəal iştirak etmişdir. Fərəh hissi ilə bildiririk ki, həmin dövrdə təşkilatımızın fəaliyyətinin ən məhsuldar mərhələsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxta təsadüf edir. Məhz Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə xalqımızın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir. Ulu öndərimiz Heydər Əliyev cəmiyyətimizin sosial problemlərinin həllində və işçilərin əmək hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradırdı.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı subyektiv mövqelər onlara qarşı təzyiqlərin meydana çıxmasına və maneələrin törədilməsinə səbəb olmuşdu. Lakin bu problemlər ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə yenidən qayıdışı ilə aradan qaldırıldı. Ölkənin sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran vəzifələrin həll olunmasında həmkarlar ittifaqlarının inkişafına geniş şərait yaradıldı. Hökumət və həmkarlar ittifaqları arasında qarşılıqlı anlaşmaya söykənən tərəfdaşlıq münasibətlərinin yaranması keçid dövrünün kəskin sosial problemlərinin həllinə və vətəndaşlarımızın rifah halının yaxşılaşmasına öz töhfəsini vermişdir. Hər il hökumət, işəgötürənlər və Həmkarlar İttifaqları Konfederasiyası arasında imzalanan Baş Kollektiv Saziş səmərəli əməkdaşlığın həyata keçirilməsinin bariz təzahürüdür.
Möhtərəm cənab Prezident!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun Sizin tərəfinizdən uğurla davam etdirilməsi, ölkəmizdə demokratikləşmə prosesinin dərinləşməsi, sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində ardıcıl tədbirlərin görülməsi cəmiyyətimizin ictimai-siyasi həyatında həmkarlar ittifaqlarının da rolunu artırmış, onların fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır. Biz Sizin həmkarlar ittifaqlarına olan diqqət və qayğınızı daim hiss edirik. Bu gün qeyd etdiyimiz yubiley ərəfəsində həmkarlar ittifaqlarının bir qrup fəalının “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmasını və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsini əməyimizə verilən yüksək qiymət kimi qəbul edirik.
Hazırda Sizin təşəbbüsünüzlə respublikamızın iqtisadi inkişafı və sosial tərəqqisi sahəsində böyük proqramlar həyata keçirilir, əhalinin rifah halı ardıcıl surətdə yaxşılaşır. Qazandığımız uğurlarla yanaşı, Sizin də qeyd etdiyiniz kimi, hələ qarşımızda həll edəcəyimiz mühüm vəzifələr durur. Əhalinin 40 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. İşçilərin əmək və sosial hüquqlarının qorunması heç də bütün müəssisələrdə lazımi səviyyədə təmin olunmur. Xüsusilə bəzi özəl müəssisələrdə və transmilli şirkətlərdə belə hallar daha çox müşahidə edilir. Həmin müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına göstərilən təşəbbüslər böyük müqavimətlə üzləşir. Buna görə də qeyd olunan müəssisə və şirkətlərdə əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqları ilə hökumətin daha sıx fəaliyyət göstərməsinə ehtiyac vardır.
Möhtərəm cənab Prezident!
Həmkarlar ittifaqları təbiətinə görə demokratik cəmiyyətdə daha səmərəli fəaliyyət göstərə bilirlər. Sizin demokratiya uğrunda yorulmaz səyləriniz milyon yarım üzvü olan həmkarlar ittifaqları tərəfindən rəğbətlə qarşılanır. 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkiləri göstərdi ki, dövlətimiz vətəndaş cəmiyyətinə inamla addımlamaqdadır və biz də bu sahədə görülən işlərə öz töhfəmizi verməyə çalışırıq.
Möhtərəm cənab Prezident!
Biz – həmkarlar ittifaqlarının yaranmasının bir əsrlik yubiley toplantısının iştirakçıları işçilərin əmək və sosial qayğılarını daim diqqət mərkəzində saxladığınıza, cəmiyyətin sosial problemlərinin həllində həmkarlar ittifaqlarının fəal iştirakına şərait yaratdığınıza və hərtərəfli dəstək verdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildirir və əmin edirik ki, bundan sonra da həyata keçirdiyiniz siyasi kursu dəstəkləyəcək, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə səylərimizi daha da artıracağıq.
Həmkarlar ittifaqlarının yaranmasının
100 illiyi, həmkarlar ittifaqları mərkəzi orqanının
təsis edilməsinin 85 illiyi münasibətilə noyabrın
25-də keçirilmiş təntənəli yığıncağın
iştirakçıları