AZƏRBAYCAN RƏSSAMLARININ PARİSDƏ AÇILACAQ SƏRGİSİNƏ HAZIRLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Yığıncaqda Senatın Fransa-Azərbaycan dostluq qrupunun sədri Ambruaz Düpon çıxış edərək, son dövrlərdə ölkələrimiz arasında hərtərəfli əlaqələrin dinamik inkişaf etdiyini xüsusi vurğulamış, Azərbaycan musiqisinin artıq Fransada tanındığını və minlərlə dinləyici tərəfindən sevildiyini, mövcud əlaqələrin daha da möhkəmlənməsi, Azərbaycanı daha da yaxından tanıtdırmaq üçün rəssamlıq əsərlərindən ibarət sərginin təşkilinin qərara alındığını bildirmişdir.
Fransanın Azərbacandakı keçmiş səfiri Şantal Puare ölkəmizdə gedən demokratik proseslərdən, son dövrlərdə baş verən ictimai-siyasi dəyişikliklərdən, iqtisadi sahədəki uğurlardan danışmış, fəaliyyətinin üç ili ərzində Azərbaycanı və onun sakinlərini ürəkdən sevdiyini və onlara qəlbən vurulduğunu söyləmiş, bu üç ilin onun həyatında mühüm izlər qoyduğunu vurğulamışdır. Xanım Puare Azərbaycanı vətənində tanıtdırmaq naminə bir çox tədbirlərin hazırlanıb həyata keçirildiyini, sentyabr ayında təşkil olunacaq sərginin belə tədbirlərin davamı olduğunu, həmvətənlərinin az bir vaxtda Azərbaycanı onun kimi sevəcəklərinə inandığını bildirmişdir.
Sərginin təşkilinə məsul olan tarixçi və incəsənət üzrə tənqidçi Patrik-Jil Persən sərgi üçün əsərlər seçməkdən ötrü Azərbaycana səfər etdiyini və bu ilk səfərin onda böyük təəssürat yaratdığını, ölkəmizin mədəni həyatının Avropanın inkişaf etmiş ölkələrindən heç də geri qalmadığını, xalqımızın həddindən artıq qonaqpərvər və sülhsevər olduğunu söyləmişdir. “Mən heç təsəvvür edə bilməzdim ki, Azərbaycanda belə güclü, yüksək intellektual səviyyəyə malik müasir rəssamlar vardır” - deyən P.J.Persən sərgidə nümayiş etdiriləcək əsərlərin fransızlar tərəfindən böyük razılıq hissi ilə qarşılanacağına və bu təəssüratın uzun müddət yaddaşlardan silinməyəcəyinə inam bəslədiyini bildirmişdir.
Soydaşımız, Azərbaycan-Fransa dostluq əlaqələrinin inkişafında xüsusi xidmətləri olan “Azərbaycan evi”nin sədri Səid İsmayıloff vətəni və xalqı barədə səslənən xoş sözlərə görə çıxış edənlərə öz təşəkkürünü bildirmiş, iki ölkə arasında hərtərəfli əlaqələrin təməlinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənləri ətrafında sıx birləşmələri sahəsində onun xidmətlərini xüsusi vurğulamışdır. O, belə sərgilərin iki idən bir həm Fransada, həm də Azərbaycanda keçirilməsini, Bakıda Fransa Mədəniyyət Mərkəzinin açılışı günü orada fransız rəssamlarının əsərlərindən ibarət sərginin təşkil olunmasını təklif etmişdir.
Sərgi ilə bağlı nəfis tərtib edilmiş “Bakı-Paris” adlı albom buraxılmışdır. Albomda sərgidə iştirak edəcək rəssamlarımızın qısa tərcümeyi-halı və onların 20 əsərinin repreduksiyası dərc edilmişdir.