Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası müvafiq orqanlara açıq məktubla müraciət edib
Buxarest, 7 avqust (AZƏRTAC). Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin Administrasiyasına, digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat orqanlarına və beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib.
Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara odlu silahlardan atəş açılır.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edilir, Azərbaycan ərazilərinin 20 faizinin artıq 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olduğu, bir milyondan çox qaçqının və məcburi köçkünün öz yurdlarını itirməsi, zəbt olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığı vurğulanır.
Müraciətin sonunda təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış edilir.
Müraciət Rumıniyanın "Agerpres" milli xəbər agentliyinin internet səhifəsində yerləşdirilib. Mətnlə bu linkdən tanış olmaq mümkündür.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest