Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyası Ankarada konfransda təmsil olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan 8-dək Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasını (AHTTSA) təmsil edən nümayəndə heyəti Türkiyənin paytaxtında Ankara Ticarət Odasının dəvəti ilə işgüzar səfərdə olub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti "Sağlıq turizmində nəyimiz var? Nəyimiz yox ? Nə etməliyik?" mövzusunda konfransda iştirak edib.
Konfransa Türkiyə Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, TÜRSAB, ATO, sağlıq müəssisələri , turoperatorlar, eləcə də MDB, Avropa və Orta Şərqdən gəlmiş rəsmi şəxslər, doktorlar və iş adamları qatılıblar.
Tədbirdə problemlər, birgə hədəflər, qarşılıqlı fəaliyyət, yaxın və uzaq perspektivlər müzakirə olunub.
Konfransda Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının sədri Ruslan Quliyev "Azərbaycanın turizm potensialı" adlı geniş təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Tədbirdən sonra ikitərəfli görüşlər çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda qonaqlara Azərbaycanın turizm və mədəni imkanlarını əks etdirən reklam və çap məhsulları təqdim edilib. Bu mövzuda növbəti tədbirin Azərbaycanda keçirilməsi yekdilliklə qəbul olunub.