AZƏRBAYCAN SAHİBKARLARI ABŞ TİCARƏT NAZİRLİYİNİN TƏŞKİL ETDİYİ SABİT PROQRAMINDA İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, SABİT proqramı Avrasiya bölgəsində yerli süd məhsulları istehsalı infrastrukturunu yaxşılaşdırmaq məqsədi daşıyır. Bunun üçün təşkilatçılar Avrasiya iş adamlarına ABŞ-dakı ən son texnologiyaları nümayiş etdirir, Qərb bazarlarının maliyyə idarəçiliyi əsaslarını öyrədirlər. Proqramın həyata keçirilməsi Amerika tərəfi üçün də faydalıdır. Səfər zamanı Avrasiya iş adamları ilə birbaşa təmaslar ABŞ şirkətlərinə bölgənin bazarlarında bilavasitə iştirak etmək imkanı yaradır.
“Azərbaycan Marketinq” cəmiyyətinin süd məhsulları üzrə direktoru Malik Əliyev deyir ki, ABŞ-da tanış olduqları yeniliklərin Azərbaycanda tətbiqi realdır. Prezident İlham Əliyevin yerli sahibkarlarla görüşündən sonra xeyli dəyişikliklər var. O cümlədən, icra orqanları tərəfindən sahibkarların fəaliyyətinə təzyiq və əngəllər azalmışdır. Ümidvarıq ki, yaxın gələcəkdə iş adamlarına maliyyə kreditlərinin verilməsi şərtləri və mexanizmi də asanlaşdırılacaqdır.
SABİT proqramının azərbaycanlı iştirakçıları Vaşinqtonda ölkəmizin səfiri Hafiz Paşayev ilə də görüşmüşlər. Səfirliyin təşəbbüsü və köməyi ilə sahibkarlar Amerika paytaxtında Kənd Təssərrüfatı Nazirliyi, Ticarət Nazirliyi, OPİK, Eksimbank kimi nüfuzlu qurumların nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi aparmışlar.