AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ NÖVBƏTİ HESABATINI AÇIQLADI
Dövlət Neft Fondundan AZƏRTAC-a bildirmişlər ki, hesabata hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
Beləliklə, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrindən məcmu gəlirlər barədə artıq dördüncü hesabatını dərc etdirən Azərbaycan hökuməti MNŞT ilə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə davam etdiyini bir daha təsdiqləmişdir.
Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 90 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 2004-cü il 24 noyabr tarixli Qarşılıqlı anlaşma haqqında memoranduma əsasən həyata keçirilir.
Deloitte audit şirkətinin rəyində deyilir: “…31 dekabr 2005-ci il tarixdə başa çatan il ərzində qəbul olunmuş ödənişlərin/daxilolmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda göstərilən tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallar düzgün əks etdirilmişdir”.
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun, habelə MHŞT üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının internet səhifələrində yerləşdirilir.
Hökumətin dördüncü hesabatı 2006-cı il avqustun 16-da keçirilmiş iclasda Deloitte audit şirkətinin rəyi ilə birlikdə Memorandum tərəflərinə təqdim olunmuşdur. Tərəflərin birgə iclasında dördüncü hesabat dövrünün nəticələri də müzakirə edilmişdir.