AZƏRBAYCAN SƏFİRİ ALMANİYADAKIAZƏRBAYCAN DİASPORU İLƏ GÖRÜŞMÜŞDÜR
Avropa Azərbaycanlıları Konqresinin Türk-Alman İş Adamları Birliyinin ofisində təşkil etdiyi tədbirdə Azərbaycan və türk diasporlarını birləşdirən cəmiyyət və dərnəklərin nümayəndələri, Almaniyada çalışan ziyalılar və burada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Qaya, Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Dilbəstə, bu ölkədə fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, “Yeni körpü” jurnalının redaktoru Nuridə Atəşi çıxışlarında cəmiyyət və dərnəklərin Avropa Azərbaycanlıları Konqresinin himayəsi ilə Azərbaycanı, onun dövlətçiliyini, xalqını, mədəniyyətini, Azərbaycan həqiqətlərini, millətin haqq səsini Almaniya ictimaiyyətinə çatdırılması işini dəstəkləyən qurumlar strukturunda təşkilatlandıqlarını xüsusi qeyd etmişlər.
Səfir görüşə toplaşanlara Azərbaycan Prezidenti İlham Əliyevin xoş arzularını çatdırmış, Almaniyada təşkilatlanmış diasporumuza dövlətimizin, xalqımızın, mədəniyyətimizin təbliğində, habelə Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu olduğunu xüsusi vurğulamış və dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyini, türk qardaşları ilə dostluq və əməkdaşlıq, tərəfdaşlıq əlaqələrini milli birlik və həmrəyliyimizin təzahürü kimi dəyərləndirmiş, onları Azərbaycan naminə birləşməyə çağırmışdır.
Azərbaycan diasporuna, onun təşkilatlandığı qurumların gələcək fəaliyyətinə uğurlar arzulayan səfir, diaspor ilə rəhbərlik etdiyi diplomatik missiyanın işgüzar əlaqələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi üçün əlindən gələni edəcəyini söyləmişdir.
Sonra səfir tədbirin keçirildiyi salonda görüş iştirakçıları ilə səmimi, işgüzar söhbət etmişdir.
Ölkəmizdə baş verən ictimai-siyasi proseslər, hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər diqqət mərkəzində olmuşdur. Səfir diaspor nümayəndələrinin çoxsaylı suallarını cavablandırmış, Azərbaycanda keçirilən parlament seçkiləri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, seçkilər azad, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun keçirilmişdir.