Azərbaycan səfiri Qırğızıstanın baş nazirinin müavini ilə ikitərəfli əlaqələri müzakirə edib
Bişkek, 16 avqust (AZƏRTAC). Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bu ölkənin baş nazirinin müavini Elvira Sariyeva ilə görüşüb.
H.Orucov yeni vəzifəyə təyin olunması münasibətilə E.Sariyevanı təbrik edib, ona işlərində uğurlar arzulayıb.
Baş nazirin müavini təbrikə görə təşəkkür edib və ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. O 2014-cü ilin sentyabrın 8-14-ü İssık-Kulda keçiriləcək “Ümumdünya köçəri oyunları” haqqında məlumat verib və Qırğız Respublikasının bu oyunlara yüksək səviyyədə hazırlaşdığını deyib. E.Sariyeva qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.
H.Orucov bildirib ki, bu tədbirdə Azərbaycandan 40 nəfərlik böyük nümayəndə heyəti iştirak edəcək. Diplomat deyib ki, bu yaxınlarda Bakıda Azərbaycan-Qırğız Respublikası Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyanın ikinci iclasının keçirilməsi də nəzərdə tutulub.
Səfir 2014-cü ilin oktyabrın 26-da Azərbaycan Hava Yolları tərəfindən Bakı-Bişkek-Bakı birbaşa aviareysinin ilk uçuşunun gerçəkləşdiriləcəyini və hava xəttinin ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə kömək edəcəyini bildirib.
E.Sariyeva birbaşa aviareysin açılmasının çox mühüm hadisə olduğunu bildirib, iki ölkə arasında əməkdaşlığın inkişafında səfirliyin aktiv fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə məlumat verilib ki, gələn il Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. Səfir ölkələrimiz arasında mədəniyyət günlərinin ilk dəfə keçiriləcəyini və bunun xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek