SİYASƏT
AZƏRBAYCAN SƏFİRLİYİNDƏ MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Oktyabrın 17-də ölkəmizin Tehrandakı səfirliyində Azərbaycanın dövlət müstəqilliyi günü münasibətilə mətbuat konfransı keçirilmişdir.
Tehranın 20-dən çox qəzet, jurnal və xəbərlər agentlikləri nümayəndələrinin iştirak etdiyi konfransda səfir Abbasəli Həsənov çıxış edərək, 1980-ci illərin sonunda keçmiş SSRİ-də gedən siyasi prosesləri təhlil etmiş, Azərbaycanda milli oyanış prosesinin vüsət alması və xalqın azad yaşamaq, müstəqil dövlət qurmaq uğrunda apardığı mübarizədən geniş danışmış və bu mübarizənin nəticəsi olaraq, Azərbaycan xalqının əsrin əvvəlində itirilmiş müstəqilliyinin bərpasına 1991-ci il oktyabrın 18-də nail olduğunu bildirmişdir.
Azərbaycan respublikası müstəqilliyini elan etdikdən sonra dövlət idarəçiliyindən xəbərsiz insanların hakimiyyətdə olmasının ölkədə xaos və anarxiya şəraiti yaratdığını, Azərbaycanın müstəqilliyini beşiyindəcə boğmaq istəyən daxili və xarici qüvvələrin fəaliyyətinin müstəqillik yollarında kövrək addımlarını atan ölkəmizi uçuruma yuvarladacaq həddə çatdırdığını bəyan edən səfir, belə bir acınacaqlı vəziyyətdə xalqın öz iradəsini ortaya qoyaraq, böyük siyasi xadim Heydər Əliyevi yenidən hakimiyyətə gətirdiyini vurğuladı. Heydər Əliyev cənablarının Prezident seçildikdən sonra qısa bir zamanda ölkədəki xaosun aradan qaldırıldığını, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələri qurulduğunu, təcavüzkar Ermənistanla atəşkəs rejiminin əldə olunduğunu, ən nəhayət, dünyanın böyük maliyyə qurumlarının Azərbaycanın iqtisadiyyatına sərmayə qoyulmasına cəlb olunduğunu və sairəni qeyd edən səfir bildirmişdir ki, əslində, bugünkü müstəqil Azərbaycanın əsl memarı məhz Prezident Heydər Əliyevdir.
Azərbaycan-İran münasibətlərinə toxunan səfir Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin bu il mayın 18-20-də İran İslam Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərdən dostluq və əməkdaşlığa doğru atılmış mühüm addım olduğunu vurğulamışdır. Dövlətimizin başçısının səfərindən sonra ölkələrimiz arasında iri iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlı işlərin getdiyini qeyd edən səfir, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqların aparıldığını və bu danışıqların müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Mətbuat konfransının sonunda səfir İƏT-in İstanbulda keçirilmiş VII zirvə toplantısına toxunaraq, bu toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevlə İran İslam Respublikasının Prezidenti cənab Hatəmi arasında görüş keçirildiyini və qarşılıqlı anlaşma və xoş məramla keçirilən bu görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişafı məsələsinin müzakirə olunduğunu bəyan etmişdir.
Oktyabrın 19-da Tehranın aparıcı qəzetlərindən, o cümlədən “Siyasəti- ruz”, “Toseye” və “Emtexab” qəzetlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyi və səfirlikdə keçirilən konfrans haqqında materiallar dərc olunmuşdur.