AZƏRBAYCAN TƏBİƏTİNİN ƏN NADİR İNCİLƏRİ HİRKAN MİLLİ PARKINDA MÜHAFİZƏ OLUNUR
Bakı, 21 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq “2010 Ekologiya ili - Yaşıl dünya naminə” devizi altında Hirkan Milli Parkına press-tur təşkil edilmişdir.
Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov Milli Parkın flora və faunası haqqında media nümayəndələrinə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin fevralın 9-da yaradılmışdır. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür.
Hirkan Milli Parkında şərqdən qərbə dağlara qalxdıqca, meşələrin tərkibində dəyişikliyi müşahidə etmək olar. Aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır.
Hündürlükdə isə əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianalar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları da “Qırmızı Kitab”a daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.
H.Səfərov vurğulamışdır ki, Hirkan Milli Parkı ölkəmizə gələn turistlərin diqqətini də cəlb edir. Bu parkın beynəlxalq əhəmiyyəti çox böyükdür.
Sonda jurnalistlərin Milli Park haqqında biliklərini yoxlamaq məqsədi ilə kiçik müsabiqə təşkil edilmişdir.
######
![]() |
![]() |

