Azərbaycan Ukrayna turistləri üçün cəlbedici olub
Kiyev, 8 dekabr, AZƏRTAC
Son illər Azərbaycan Ukrayna turistləri üçün cəlbedici olub. Ona görə də Ukraynadan Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 8-də Kiyevdə Azərbaycanın turizm imkanlarının Ukraynada tanıdılması ilə bağlı keçirilən təqdimatda Milli Turizm Təbliğat Bürosunun marketinq üzrə nümayəndəsi Cəmilə Talıbzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın turizm sahəsinin inkişafına dair Strateji Yol Xəritəsində əksini tapan məsələlər üzrə müvafiq işlər görülür və bu da ölkəmizə gələn turistlərin sayında öz təsirini göstərir. Bildirib ki, Kiyevdə keçirilən təqdimata Ukraynanın 25-ə yaxın turizm şirkətinin nümayəndəsi qatılıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Təbriz Qarayev isə çıxışında deyib ki, bu cür təqdimatların intensiv keçirilməsi ölkəmizin turizm imkanlarını tanıdılması baxımından önəmlidir. Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib, beynəlxalq sərgilər keçirilir. Azərbaycan dövlətinin apardığı sistemli, məqsədyönlü siyasəti nəticəsində artıq ölkəmiz dünya turizminin maraq dairəsinə çevrilib.
Sonra tədbirdə Azərbaycanın turizm imkanları ilə bağlı videotəqdimat edilib. Azərbaycana aid suvenirlər və təbliğat materialları paylanılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev