İQTİSADİYYAT
Azərbaycan və Belarus arasında kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində Belarus kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Aleksandr Lomskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iki ölkə arasında bütün sahələrdə, o cümlədən aqrar sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb.
Nazir müavini əlavə edib ki, Belarus iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanın əsas tərəfdaşlarından biridir.
Tərəflər Azərbaycan ilə Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, aqrar şəhərciklərin salınması və idarə olunması, aqrar sənaye komplekslərinin yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, həmçinin kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinin sürətlə davam etdiyi vurğulanıb.
Kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu qeyd olunub. Bildirilib ki, bu il oktyabrın 3-də imzalanan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” iki ölkə arasında aqrar sahədə əlaqələrin inkişafına xidmət edəcək.
Belarus kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Aleksandr Lomskiy ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini söyləyib.
Görüş zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Tərəflər Azərbaycanda keçirilən Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və Belarusdakı “Belagro” sərgilərinin qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət etdiyini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.