SİYASƏT
Azərbaycan və Mərakeş arasında parlament əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub
Rabat, 24 iyun, AZƏRTAC
Nümayəndələr Palatasının sədri Raşid Talbi Alami parlamentdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanovla görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər iki ölkənin qanunverici orqanları arasında kommunikasiya, əməkdaşlıq körpülərinin qurulması və təcrübə mübadiləsi yolu ilə ikitərəfli və çoxtərəfli parlament əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Eyni kontekstdə iki ölkə arasında ərazi bütövlüyünə qarşılıqlı hörmətə, müxtəlif regional və beynəlxalq təşkilatlarda davamlı dəstəyə əsaslanan münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib.
Səfir Oktay Qurbanov səmimi qəbula görə təşəkkür edərək iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. O, Bakının Rabatla parlament, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Səfir müxtəlif regional və beynəlxalq forumlarda Azərbaycana göstərdiyi dəstəyə görə Mərakeş Krallığına təşəkkür edib və eyni zamanda ölkəmizin də bütün dövlətlərin, o cümlədən Mərakeş Krallığının beynəlxalq qanunla tanınmış ərazi bütövlüyünə hörmətlə yanaşdığını qeyd edib.
Nümayəndələr Palatasının sədri Raşid Talbi Alami öz növbəsində, iki ölkə arasında dərin mədəni-mənəvi əlaqələri olan münasibətlərin keyfiyyətindən söz açaraq, bir çox regional və beynəlxalq məsələlər üzrə baxışların üst-üstə düşdüyünü, hər iki ölkənin digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmasını, bütün mübahisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu yüksək qiymətləndirib.
Raşid Talbi Alami son on ildə iki qanunverici orqan arasında əlaqələrin inkişafını və parlamentarilərin beynəlxalq təşkilatlarda görüşmələrinin müsbət hal olduğunu bildirib. Dostluq qruplarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin iki ölkə arasındakı əlaqələrin inkişafında parlamentin rolunun daha da gücləndirəcəyinə xidmət edəcəyini qeyd edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat