CƏMİYYƏT
Azərbaycan və Özbəkistan arasında seysmologiya sahəsində əməkdaşlıq imkanları araşdırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən görüşdə “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova, "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru İlyas Kazımov iştirak edib.
Səbinə Kazımova qonağa mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında məlumat verib. Eyni zamanda, qonaq əldə olunan nəticələr və hazırda aparılan işlərlə də yaxından tanış olub.
Görüşdə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eləcə də, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Özbəkistan seysmoloqlarının birgə əməkdaşlığının mümkünlüyü də istisna olunmayıb.
Müzakirələr zamanı maraq doğuran digər suallara da aydınlıq gətirilib.