Azərbaycan və Rusiyanın universitetləri arasında tələbə mübadiləsinin genişləndirilməsi perspektivləri müzakirə olunub
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Dillər Universitetində (ADU) "Rusiya-Azərbaycan əməkdaşlığının yeni istiqamətləri: gənclər üçün perspektivlər və regional əməkdaşlıq" mövzusunda növbəti beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir ADU-nun, Bakıdakı "Şimal-Cənub" Siyasi Mərkəzinin nümayəndəliyinin və Rusiya-Azərbaycan Gənclər Təşəbbüsü "Mətbuat Klubu" Birliyinin təşkilatçılığı ilə baş tutub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın işində Rusiyanın və Azərbaycanın aparıcı ekspertləri iştirak ediblər.
ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev konfransın işinin səmərəli və uğurlu olacağına inandığını deyib.
Rusiyanın Elmi Araşdırmaların Dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qrigori Trofimçuk çıxışında bu cür tədbirlərin vacibliyini qeyd edib. O, ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının fəaliyyətini Rusiyanın sosial-mədəni və siyasi həyatının, hüquq sisteminin öyrənilməsi baxımından müsbət qiymətləndirib.
Konfransda universitetlər, gənclər təşkilatları və iki ölkənin ekspert mərkəzləri arasında humanitar əməkdaşlığın gücləndirilməsinin aktual məsələləri, xüsusilə iki ölkənin elm, təhsil və sosial-humanitar sahələrdə əməkdaşlığı, həmçinin Azərbaycan və Rusiyanın aparıcı universitetləri arasında tələbə mübadiləsinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Qrigori Trofimçuk "Xəzəryanı region dəyişən geosiyasi vəziyyətin təhlükəsizliyi fonunda" mövzusunda təlim keçib.
Sonda konfrans iştirakçılarına sertifikatlar verilib.