“Azərbaycan və türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu” - seminar
Bakı, 14 iyun, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu (ədəbi məclislər kontekstində)” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri İradə Yusifova “Şuşa ədəbi məclisləri: funksiyalar və qarşılıqlı əlaqələr” mövzusunda məruzə ilə çıxış edib. O, həmin dövrün ədəbi mühiti, ədəbi və musiqi məclisləri, xanəndələr məclisləri, həmçinin yeni tipli üsuli-cədid məktəbləri, dərsliklərin tərtibi haqqında məlumat verib.
Daha sonra həmin şöbənin aparıcı elmi işçisi dosent Kamil Adışirinovun “Mir Möhsün Nəvvabın ədəbi və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi- Fəramuşan” ədəbi məclisinin ideya və istiqamətləri, qəzəl ədəbiyyatı, mərsiyə ədəbiyyatı haqqında məlumat verərək, Mir Möhsün Nəvvabın təzkirəçi, pedaqoq, uzaqgörən, coğrafiyaçı alim olduğunu vurğulayıb.
Seminarda “Abdulla bəy Asinin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edən Folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisi Təranə Abdullayeva isə “Məclisi-Fəramuşan”ın üzvlərindən biri olan Abdulla bəy Asinin Şuşada anadan olması, ilk təhsilini mədrəsədə alması, Qasım bəy Zakirin nəvəsi olması, Nizami və Füzuli ənənələrinin davamçısı olması barədə məlumatları diqqətə çatdırıb. O, Abdulla bəy Asinin ədəbi irsi, lirikası, sadə və aydın dili və yaradıcılığında bədii təsvir və ifadə vasitələrindən geniş istifadəsindən bəhs edib.
Folklorşünaslıq və el sənətləri şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov “Natəvan və Kəminə yaradıcılıq əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. O, həmin dövrün üç möhtərəm şairi - Aşiq Pəri, Natəvan və Fatma xanım Kəminənin yaradıcılığından danışıb. Məruzəçi Fatma xanım Kəminənin iki ədəbi məclisdə fəal iştirak etməsini, onun qəzəl yaradıcılığını xüsusi qeyd edib.