Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlıq genişlənir
Bakı, 4 noyabr (AZƏRTAC). Bakıda səfərdə olan Yaponiyanın “SHINYEI KAISHA” şirkətinin prezidenti Toşiaki Morisaki və şirkətin idarə-icra və baş əməliyyat müdiri Hideaki Sakayin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olmuşlar.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar iki ölkə seysmoloqları arasında əlaqələrin inkişaf etməsindən məmunluqlarını bildirmiş, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini önə çəkmişlər.
Azərbaycan seysmologiyasının son illər sürətlə inkişaf etdiyini bildirən Toşiaki Morisaki RSXM-də görülən işlərin başqa ölkələr üçün də gözəl nümunə ola biləcəyini demişdir.
RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli yaponiyalı qonaqlara mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.
Yaponiyalı alimlərin iş təcrübəsinin azərbaycanlı seysmoloqlar üçün maraqlı olduğunu vurğulayan baş direktor tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin səmərəli olacağına əminliyini ifadə etmişdir.
İkitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün RSXM və Yaponiyanın “SHINYEI KAISHA” və “OYO” şirkətləri arasında anlaşma protokolunun imzalanması nəzərdə tutulur.