Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq
Astana, 25 fevral, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Astanada Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Tədbirdə Astanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və jurnalistlər iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Haşımov faciənin tarixindən, baş vermə səbəblərindən söhbət açıb, bir gecədə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirildiyini bildirib. O deyib: “Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Bütün bunlar ermənilərin 23 il öncə Xocalıda törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır”.
Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası və bu istiqamətdə dünya ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat verib. O, Xocalı soyqırımının günahkarlarının, təşkilatçılarının və icraçılarının layiqli cəzalarını alacaqlarını vurğulayıb, şəhidlərin qanının yerdə qalmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının sədri Vidadi Salahov bildirib ki, faciə beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilib. XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymətin verilmədiyi təəssüf hissi ilə qeyd olunub.
Qazaxıstanın aparıcı jurnalistlərindən biri Daniyar Kasumov, akademik Kazbek Kaskenov və başqaları çıxışlarında deyiblər ki, işğalçı Ermənistanın terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir, heç bir cinayət cəzasız qalmadığı kimi, Azərbaycan xalqına qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını almalıdırlar.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana