Azərbaycan xalqının Ulu Öndəri Özbəkistanda ehtiramla anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və qonaqlar Ulu Öndərin səfirlikdəki büstü önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları səfirliyin foyesində təşkil olunmuş, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən foto və nəşr sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən səfir Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açaraq, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını bildirib. O, müasir müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf kursunu uğurla davam etdirdiyini diqqətə çatdırıb. Qırx dörd günlük Vətən müharibəsində ölkəmizin Qələbəsi haqqında danışan səfir Hüseyn Quliyev qeyd edib ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirən, əcdadlarımızın torpaqlarını erməni işğalçılarından və vandallarından azad edən Prezident İlham Əliyev bütün Azərbaycan xalqının qürurudur.
Sonda Hüseyn Quliyev vurğulayıb ki, Heydər Əliyev Prezident İlham Əliyevin apardığı islahatlar sayəsində güc, nüfuz, uğur və inkişaf nümunəsinə çevrilmiş bugünkü Azərbaycanla fəxr edərdi.
Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, yerli azərbaycanlılar və digər tədbir iştirakçıları Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü Azərbaycan xalqına və dövlətçiliyinə fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Mədəniyyət Mərkəzində və eləcə də Daşkənd şəhərində yerləşən Heydər Əliyev parkındakı abidələrinin önünə gül dəstələri qoyulmaqla böyük ehtiramla yad edilib.