Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı Qazaxıstan mətbuatında dərc edilib
Nur-Sultan, 20 yanvar, AZƏRTAC
Qazaxıstanın “altyn-orda.kz”, “adyrna.kz” xəbər portallarında 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat qazax və rus dillərində dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi qeyd edilib. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilib və 744 nəfər ağır xəsarət alıb. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib.
Bəyanatda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin edib və hazırda müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvüdür.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi dövlətçiliyimizin təməlini təşkil edir və bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan