Azərbaycanda ABŞ-ın “SABİT” proqramı çərçivəsində treninqlər keçiriləcəkdir
Bakı, 27 oktyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və mehmanxanaların rəhbərlərinə müraciət etmişdir.
Müraciətdə bildirilir ki, gələn il yanvarın 19-dan fevralın 8-dək ABŞ-ın Ticarət Nazirliyi tərəfindən “Special American Business İntership Training” (SABİT) proqramı çərçivəsində ABŞ-da “Kompleks regional inkişaf və turizm infrastrukturunun marketinqi” mövzusunda təlim kursu keçiriləcəkdir.
Nazirliyin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təlim kursu yüksək səviyyəli menecerlər üçün nəzərdə tutulur və iştirakla bağlı beynəlxalq nəqliyyat (Kiyev şəhərindən ABŞ istiqamətinə və geriyə) və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödənilir.
Təlim kursu rus dilində keçiriləcəkdir.
“SABİT” proqramı ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və Avropa, Mərkəzi Asiya ölkələrinə bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini nəzərdə tutur. Proqramın iki əsas məqsədi vardır. Bu proqram bir tərəfdən Avrasiya ölkələrində ABŞ mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiyaların köməyi ilə qeyri-adi turizm növlərinin inkişafına yardım etmək üçün həyata keçirilir. Digər tərəfdən isə Amerikada fəaliyyət göstərən turizm şirkətləri “SABİT” proqramının köməyi ilə bu regionun dövlətlərində bazar iqtisadiyyatı normalarının bərqərar olmasında yaxından iştirak edir, həmin ölkələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq edirlər.
Dörd həftəlik təcrübə proqramında turizm şirkətlərinin və mehmanxanaların təmsilçiləri idarəetmə və maliyyələşdirmənin Qərb konsepsiyaları ilə tanış olur, ABŞ-ın aparıcı turizm mütəxəssislərindən bu sahədə məsləhətlər alırlar.
Ötən il proqram çərçivəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın turizm şirkətlərinin təmsilçiləri treninq proqramında iştirak etmişlər.