ELM VƏ TƏHSİL
Azərbaycanda “Ana dili – qəlbin aynası” olimpiadasının ikinci turu start götürüb
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Bakının Xəzər rayonundakı 183 saylı məktəbdə 7-9-cu sinif şagirdləri arasında “Ana dili - qəlbin aynası” olimpiadasının ikinci turu keçirilib.
AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, 183 saylı məktəbin direktoru Rəhilə Abbasova, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina olimpiada iştirakçılarını salamlayıblar.
Olimpiada çərçivəsində məktəbdə istifadə üçün bədii və metodik ədəbiyyat da təqdim olunub.
Olimpiadanın ikinci mərhələsi aprel-iyun aylarında esse formasında keçiriləcək, bu mərhələ çərçivəsində ümumtəhsil müəssisələrini ziyarət etməklə, Azərbaycanın şəhər və rayonlarına regional turlar təşkil olunacaq. Tədbirlərdə 1100 məktəbli iştirak edəcək.
Bu il olimpiada bir neçə əlamətdar tarixlərə - “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun anadan olmasının 209-cu ildönümü; Azərbaycanın şair və yazıçısı Mirzə Fətəli Axundzadənin anadan olmasının 211-ci ildönümünə həsr olunub.
Rus dilində olimpiada Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.