“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində növbəti təlim
Bakı, 5 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində dövlət orqanlarının nümayəndələri üçün “Səriştə əsaslı insan resurslarının idarə edilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə təlimçilər üçün təlim” təşkil edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimdə İqtisadiyyat, Maliyyə, Mədəniyyət nazirlikləri, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Kənd Təsərrüfatı Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri olmaqla 16 nəfər iştirak edib.
Nəzəri və praktiki xarakter daşıyan təlim zamanı layihənin ekspertləri Eduard Zakarçenko və Kristina Jakubaityte-Revutiene tərəfindən təqdimatlar edilib, səriştə əsaslı insan resurslarının idarəedilməsinə dair müzakirələr aparılıb və interaktiv qrup işləri həyata keçirilib.
Qeyd edək ki, analoji təlim ötən həftə Dövlət İmtahan Mərkəzinin nümayəndələri üçün keçirilib. Ümumilikdə hər iki qrup üzrə 5 gündən ibarət olan təlimin qalan 2 gününün may ayında keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.