Azərbaycanda ekoloji cəhətdən daha yaxşı mühitin yaradılması bir məqsəd kimi qarşıya qoyulmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti David Məmmədovla Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Bildirilmişdir ki, qurumun əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirməkdir. 2002-ci ilin iyununda yaradılmış CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir.
ARDNŞ-in vitse -prezidenti David Məmmədov respublikada mövcud neft emalı sənayesinin vəziyyəti, perspektivləri və qarşıda duran vəzifələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda müvafiq Dövlət Proqramı çərçivəsində ekoloji cəhətdən daha yaxşı mühitin yaradılması bir məqsəd kimi qarşıya qoyulmuşdur. Bu proqram həm respublikaya idxal olunan avtonəqliyyat vasitələrinin dərəcəsinin yüksəldilməsi, həm yanacağın keyfiyyətinin artırılmasını nəzərdə tutur.
Vurğulanmışdır ki, respublikamıza idxal olunan avtomobillərin mühərriklərinin keyfiyyətinin “Avro -3 “ standartlarına uyğun olması istiqamətində tədbirlər görülür. “Avro- 5” standartına uyğun yanacağın istehsalı üçün isə kifayət qədər böyük vəsait, yeni texnologiyalar lazımdır.
Yanacağın keyfiyyətinin sonralar “Avro-4” və “Avro-5” standartlarına qədər artırılması ARDNŞ-in Bakının Qaradağ rayonunda tikintisi planlaşdırılan yeni neft-kimya kompleksinin istismara verməsindən sonra mümkün olacaqdır.
Sonda D.Məmmədova klubun fəxri üzvünün sertifikatı təqdim olunmuşdur.
Tədbirdə bir sıra xarici ölkə səfirliklərinin və şirkətlərin nümayəndələri iştirak etmişlər.