Azərbaycanda ekoloji turizmin inkişafı müzakirə olunub
Azərbaycan Turizm İnstitutunda (ATİ) “Azərbaycanda dayanıqlı sahibkarlığın inkişafı və Azərbaycan kəndlərində əl sənətkarlığının dəstəklənməsi” layihəsinə dair yekun konfrans keçirilib.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu layihə “Ekoloji tarazlıq” İctimai Birliyi, Finlandiyanın “Ketury” İctimai Birliyi və Turku Tətbiqi Elmlər Universiteti tərəfindən reallaşdırılıb.
“Azərbaycanda ekoloji turizmin inkişafı: Potensial və perspektivlər” mövzusuna həsr olunan konfransda ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov layihə barədə məlumat verib. Bildirilib ki, layihənin işlənib hazırlanmasında başlıca məqsəd kənd əhalisinin gənc nümayəndələri üçün ənənəvi əl işləri, yerli və xarici turistlər üçün mükəmməl xidmətlərin göstərilməsi üzrə təlimlərin aparılması, Azərbaycanın zəngin tarixi, mədəni irsinin təbliğ olunması, Azərbaycanın (Abşeron yarımadası, Şəki-Qəbələ, Lənkəran-Astara) regionlarında kənd icmalarının ekoloji turizmin inkişafına cəlb edilməsi və turizm sahəsində fəaliyyət göstərən müxtəlif tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Eyni zamanda layihədə ölkəmizdə, o cümlədən Finlandiyada turizm və sahibkarlıq ixtisası üzrə təhsil alan tələbə və müvafiq mütəxəssislər arasında fikir mübadiləsinin aparılması, Azərbaycanda turizm sahibkarlığı üzrə beynəlxalq təcrübənin geniş təbliği də nəzərdə tutulur.
Sonra məruzələr dinlənilib, müzakirələr aparılıb.