Azərbaycanda gənclərin gözəl təhsil alması üçün hər cür şərait yaradılıb
Noyabrın 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində IV Beynəlxalq Tələbə Festivalı keçirilib. Artıq ənənəyə çevrilmiş bu festivalda xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə azərbaycanlı və xarici tələbələr və jurnalistlər iştirak ediblər.
Festivalda iştirak edən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Valentin Denisov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Azərbaycan dövləti, o cümlədən ADA Universiteti ölkənin gələcəyi olan gənclərin inkişafı üçün çox işlər görüb. Biz artıq dördüncü dəfə keçirilən bu festivalda lap əvvəldən iştirak edirik. Festivalı keçirmək Azərbaycan tələbələrini müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış etmək, ixtisas, xarici dil seçimində, habelə ünsiyyət üçün şərait yaradılmasında və yaşıdları ilə dostluq münasibətlərinin qurulmasında onlara yardım göstərmək məqsədi daşıyır. Azərbaycanda gənclərin təkcə yerli deyil, həm də xarici ali məktəblərdə gözəl təhsil alması üçün hər cür şərait yaradılıb. Qeyd etmək istəyirəm ki, bu il Moskvanın, Sankt-Peterburqun, habelə Rusiya Federasiyasının digər şəhərlərinin universitetlərinə Azərbaycandan təxminən 200 tələbə daxil olub. Özü də təqaüdləri Rusiya dövləti ödəyir. Bu da həm onlara, həm də onların ailələrinə böyük köməkdir. Əminəm ki, qarşıdan gələn illərdə Rusiyanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı artacaqdır.