AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN DEMOKRATİK İSLAHATLARIN BÜTÜN BÖLGƏ ÜÇÜN ƏHƏMİYYƏTİ XÜSUSİ QEYD EDİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir E.Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsinin ölkəmiz üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, Brüsseldə Avropa İttifaqının rəsmiləri ilə keçirdiyi görüşlər barədə məlumatları qonaqların diqqətinə çatdırmışdır.
Avropa İttifaqının xüsusi nümayəndəsi H.Talvitiye Azərbaycanda demokratik islahatların gedişini, o cümlədən 6 noyabr parlament seçkilərini yaxından izlədiklərini, seçkilərin normal şəraitdə keçirildiyini, lakin səsvermənin nəticələrinin hesablanması zamanı bəzi nöqsanlara yol verildiyini demişdir. Bununla yanaşı, H.Talvitiye demokratik proseslərin ideal şəkildə dünyanın heç bir yerində, o cümlədən Avropa İttifaqında da mövcud olmadığını söyləmişdir. O, Azərbaycanda demokratik islahatların bölgə üçün əhəmiyyətini xüsusi vurğulamış və demokratiya prosesinin gələcəkdə də davam etdiriləcəyinə inandığını, həmçinin ölkədə iqtidar ilə müxalifət arasında dialoqun bundan sonra da daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların əhəmiyyətini qonaqların diqqətinə çatdırmış və bunun ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. Nazir seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına bir sıra şikayətlərin daxil olduğunu, hər bir şikayətin diqqətlə araşdırıldığını və bütün mübahisələrin qanun çərçivəsində həll olunacağını qeyd etmişdir. O demişdir ki, Brüssel və Strasburqda keçirdiyi görüşlər zamanı həmsöhbətləri ona Azərbaycanda seçkilərin demokratiyaya doğru mühüm addım kimi qiymətləndirməsi fikri ilə razı olduqlarını bildirmişlər.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə yönəlmiş sülh prosesi, bölgədəki vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Görüşdə Avropa İttifaqına sədrlik edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Lorens Bristoun iştirak etmişdir.