Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mart ayına olan hava proqnozunu açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, proqnoza görə, mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Mart ayı keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-7, gündüzlər 8-13 dərəcə isti təşkil edəcəkdir. İkinci və üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti qeydə alınacaqdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 7-9 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr temperaturun 2-7 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta təşkil edəcəyi, gündüzlər 8-13 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 3-5 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6 dərəcə, bəzi günlərdə 2-7 dərəcə şaxta olacaqdır. Gündüzlər 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 15-19 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr temperatur 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər 9-14 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 16—20 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta qeydə alınacaqdır. Gündüzlər 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 14-19 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti qeydə alınacaqdır. İkinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 18-23 dərəcəyə yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında orta aylıq temperatur 5-8 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-8 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti olacaqdır. İkinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 18-23 dərəcəyə yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.