Azərbaycanda multikulturalizm və tolerantlıq gündəlik həyat tərzinə çevrilib
Quba, 28 avqust, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda tarix boyu bütün dinlərin nümayəndələri harmoniya və qardaşlıq mühitində yaşayıblar. Dövlətin bu sahəyə xüsusi diqqəti var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri mehriban şəraitdə yaşayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 28-də Qubada müsəlman və qeyri-müsəlman dini icmalarının nümayəndələrinin iştirakı ilə keçirilən “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda “dəyirmi masa”da bildirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyduğu əsas məsələlərdən biri dövlət-din münasibətlərinin tənzimləməsi olduğunu qeyd edib.
Bildirilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Konfransda çıxış edən dini icma nümayəndələri birgəyaşayışla bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlərin həyata keçirildiyindən, Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoqun dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmasından danışıblar.
Tədbirdən sonra dini icma nümayəndələri Qubadakı Cümə məscidini və dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədəki Giləki sinaqoqunu və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.