AZƏRBAYCANDA QIZILCA VƏ MƏXMƏRƏK ƏLEYHİNƏ MİLLİ KAMPANİYA BAŞLANACAQ
Fevralın 27-də başlanacaq kampaniya martın 7-də yekunlaşacaqdır. Qafqaz regionunda ilk dəfə həyata keçirilən layihənin dəyəri 3,1 milyon dollardır.
DST-nin nümayəndəsi Sergey Mukomolov bununla əlaqədar keçirilən mətbuat konfransında demişdir ki, dünyada vaksinləşmə ilə qabağı alınan xəstəliklərdən ölüm hallarının ən yüksək səviyyəsi qızılcadır (45,5). DST-nin məlumatına görə, hər il dünyada 30-40 milyon qızılcaya yoluxma halı qeydə alınır. Azərbaycan epidemioloji baxımdan uğursuz ölkələrə aiddir. Qızılcaya və məxmərəyə yoluxanların 50 faizindən çoxu 15 yaşından yuxarı olan şəxslərdir. Uşaqlardan fərqli olaraq, yaşlı nəsil bu xəstəlikləri pis keçirir, fəsadlar törənir, bəzən ölüm halları olur. Həmin kampaniya yoluxucu xəstəliklərin kökünün kəsilməsi üzrə DST-nin növbəti qlobal strategiyasıdır. Bundan əvvəl dünyada təbii çiçəyi, Avropa regionunda isə poliomieliti tamamilə aradan qaldırmaq mümkün olmuşdur. DST qızılca və məxmərəyin kökünü 2010-cu ilədək kəsmək niyyətindədir.
Qızılcanın və məxmərəyin, anadangəlmə məxmərək sindromunun aradan qaldırılması məqsədi ilə 2002-ci ildə Avropa regionu üçün qəbul edilmiş DST Proqramına uyğun olaraq həyata keçirilən kampaniya çərçivəsində ölkəmizdə 7-23 yaşlılar, Bakıda isə əlavə olaraq 23-29 yaşlılar arasında vaksinləmə aparılacaqdır. Bir inyeksiya ilə bu iki xəstəliyə qarşı eyni vaxtda peyvənd etmək mümkün olacaqdır.
Bu məqsədlə tibb işçilərinin hazırlandığı barədə jurnalistlərə məlumat verilərək bildirilmişdir ki, kampaniya 2 milyondan çox adamı əhatə edəcəkdir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri vaksinləməni aparacaq briqadaların üzvləri üçün seminarlar keçirəcək, vaksinin saxlanması, şprislərin utilləşdirilməsi şərtlərini izah edəcəklər. Kampaniyaya ümumən 4824 tibb işçisi cəlb olunacaqdır.