AZƏRBAYCANDA TƏKRAR PARLAMENT SEÇKİLƏRİ BAŞ TUTMUŞDUR
BİNƏQƏDİ RAYONU. 9 saylı Binəqədi ikinci seçki dairəsinin 30 məntəqəsində 37 mindən çox seçici səsvermədə iştirak etməli idi. Gün ərzində seçicilərin fəallığı aydın görünürdü. Səhər tezdən hamı dəstə-dəstə seçki məntəqələrinə gələrək istədikləri namizədlərə səs verirdilər. Seçkilərin ədalətli, şəffaf, azad keçməsi üçün bütün proseslər qaydasınca aparılmışdır. Məntəqəyə gələn seçicinin barmağı ultrabənövşəyi aparatla yoxlanılır, sonra görünməyən rənglə işarələnirdi. Dairə komissiyasına daxil olan informasiyalar Binəqədi qəsəbəsinin mərkəzindəki parkda qoyulmuş monitor vasitəsilə əhaliyə operativ çatdırılırdı. Məntəqələrdə səsverməni xarici müşahidəçilər, müxtəlif siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından olan müşahidəçilər, eləcə də seçkilərdə iştirak edən namizədlərin müstəqil müşahidəçiləri izləyirdilər.
Bütün məntəqələrdə seçicilərin fəallığı, onların sərbəst şəkildə məntəqələrə gələrək, istədikləri namizədə səs verməsi göstərirdi ki, seçkilər normal keçir.
Belçika parlamentinin üzvü, beynəlxalq müşahidəçi Con Eneri deyir ki, seçkilərdə bu qədər adamın iştirakından çox razıyam. Bu, çox yaxşı haldır. Mən bunu olduğum bütün seçki məntəqələrində müşahidə etmişəm.
Parisdən gəlmiş hüquqşünas İnçes Peyen də seçkilərin gedişindən razıdır: “Hər kəs çalışır ki, gəlib səs versin. Bütün müşahidəçilər də yerindədir. Gördüklərim çox yaxşıdır, bir neçə şəkil də çəkmişəm, qeydlər aparmışam. Qeydləri və şəkilləri təmsil olunduğum təşkilata təqdim edəcəyəm”.
Almaniya bundestaqından Avropa Şurası xətti ilə Azərbaycana gəlmiş Edvard Lin müxbirimizlə təəssüratını 13 saylı məntəqədə bölüşmüşdür: “Gün ərzində 9 məntəqəyə baş çəkmişəm, hər yerdə səsvermənin normal keçdiyinin şahidi olmuşam”.
Avropa Şurasında İsveçrə parlamentini təmsil edən xanım da həmkarının sözlərinə şərik çıxır: “Seçkilərin normal keçməsi məndə xoş hisslər oyatdı”.
Seçicilər də səsvermənin şəffaflığından razılıqlarını bildirirdilər.
Dairə seçki komissiyasının sədri Nəbi Xəlilovun sözlərinə görə, bütün məntəqələrdə xarici müşahidəçilər iştirak etmiş, “exit poll” keçirilmişdir.
X X X
SURAXANI RAYONU. 31 saylı Suraxanı ikinci seçki dairəsinin əhatə etdiyi 28 məntəqədə bu siyasi kampaniya mütəşəkkil keçmişdir. Dairə seçki komissiyasının sədri İmran İsgəndərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, əvvəlcədən görülmüş yaxşı hazırlıq işləri seçkinin yüksək səviyyədə keçməsinə imkan vermişdir. Sərbəst səs vermələri üçün seçicilərə hər cür şərait yaradılmışdır. Parlamentə bir mandat uğrunda 13 namizəd mübarizə aparır.
Heç bir ciddi qanun pozuntusu müşahidə olunmamış və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. Prosesi beynəlxalq müşahidəçilər izləyir, bütün məntəqələrdə namizədlərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri müşahidə aparır, “exit-poll” keçirilirdi.
11 saylı seçki məntəqəsinin sədri Vidadi Məmmədovun sözlərinə görə, qanunazidd hallara yol verilməmiş, seçki qaydalarına tam əməl olunmuşdur.
Milli Liberal Partiyasının üzvü Salman Salamın, müstəqil müşahidəçi Müseyib Əliyevin sözlərinə görə, seçkilər normal getmişdir.
“Exit-poll”u aparan Lalə Arabova seçkilərin yaxşı keçdiyini, seçicilərin çoxunun onlara yaxınlaşıb səs verdikləri namizədlərin adlarını açıqladığını söyləmişdir.
Seçicilərdən Rəhilə Məmmədova, İlqar Kərimov və Lətafət Əliyeva heç kəsin təzyiqi olmadan seçki hüquqlarından istifadə edib, istədikləri namizədə səs verdiklərini bildirmişlər.
X X X
GƏNCƏ şəhərinin 38 saylı Nizami (ikinci) seçki dairəsinin əhatə etdiyi 25 məntəqədə seçicilər 13 namizəd arasından öz seçimlərini edirdilər. Bu seçimin azad və ədalətli edilməsi üçün hər cür şərait yaradılmışdı.
Dairə seçki komissiyasının sədri İbrahim Cəfərovun sözlərinə görə, seçkiləri beynəlxalq müşahidəçilərlə yanaşı, 309 yerli müşahidəçi də izləmişdir. Onlar heç bir ciddi qanun pozuntusu qeydə almamışlar.
Müxbirimizin olduğu 10, 11, 12, 13, 20 saylı və digər məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi diqqəti cəlb etmişdir.
Gəncə Dövlət Universitetində yerləşən 13 saylı seçki məntəqəsində beynəlxalq müşahidəçilər qrupunun MDB-dən olan təmsilçisi Vyaçeslav Kudryavtsev demişdir ki, məntəqədə heç bir qanun pozuntusuna rast gəlmədim, seçicilərə yaradılmış şərait onların öz iradələrini sərbəst şəkildə ifadə etməsinə imkan verirdi.
X X X
GƏDƏBƏY. 103 saylı Gədəbəy seçki dairəsinin əhatə etdiyi məntəqələrdə seçkiləri 8 beynəlxalq, 526 yerli müşahidəçi izləmişdir. Bundan əlavə, prosesi 12 namizədin vəkilləri də müşahidə etmişlər.
Dairə seçki komissiyasının sədri Xaliq Xudaverdiyevin verdiyi məlumata görə, 10 məntəqədə “exit-poll” keçirənlər üçün hər cür şərait yaradılmışdı və onlar maneəsiz fəaliyyət göstərmişlər. Məntəqələrdən dairə seçki komissiyasına heç bir şikayət daxil olmamışdır.
X X X
AĞDAM. Cəbhə bölgəsi olan Ağdam rayonunda Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilər seçicilərin fəallığı, onların xoşbəxt gələcəyə, torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə əminliyi şəraitində keçmişdir.
119 saylı Ağdam kənd seçki dairəsində təkrar seçkilərə hərtərəfli hazırlıq görülmüş, məntəqələr lazımi avadanlıqla təchiz edilmiş, digər zəruri məsələlər vaxtında həll olunmuşdu. Dairənin əhatə etdiyi 44 məntəqədə 36 minə yaxın seçici 14 nəfər namizəd arasından öz istədiyini seçməli idi.
Məcburi köçkünlərin Bərdə və Ağcabədi rayonlarında məskunlaşdıqları çadır şəhərciklərində, ərazidə salınmış qəsəbələrdəki məntəqələrdə də seçkilər mütəşəkkillik şəraitində keçmişdir.
Yerli və beynəlxalq müşahidəçilər seçkilərin gedişini diqqətlə izləmişlər.