SİYASƏT
Azərbaycandakı şirkətlər inklüziv biznesə bağlı bütün öhdəlikləri icra edirlər
![](/files/galleryphoto/2016/1/1200x630/1461591396757034914_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14615913961438313842_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/1461591396890330351_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14615913964755447017_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycandakı böyük korporasiyalar və şirkətlər inklüziv bizneslə bağlı bütün öhdəlikləri icra edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Forumu çərçivəsində keçirilən biznes simpoziumun “Korporativ müxtəliflik və daxili proqramları birləşdirən korporativ davamlılıq” mövzusunda əməkdaşlıq toplantısında səsləndirilib.
“Global Compact” təşkilatının idarəçilik və sosial məsələlər üzrə sədri xanım Ursula Vayhoven deyib ki, inklüziv biznes anlayışı müxtəlif ölkələrdə ayrı-ayrı forma və tərkibdədir. Bu gün isə mühüm məsələ həmin biznes modelinin inkişafını təmin etmək üçün birgə addımlar atılması, onun təşviqi və qurumların öz öhdəliklərini dərk etməsidir. “İnklüziv biznesin digər müxtəlif istiqamətləri var. Bunlardan əsası isə istehlakçı və tədarükçülər ilə birgə iş prosesinin qurulmasıdır”, - deyə xanım U.Vayhoven əlavə edib.
“Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC-nin baş direktorunun müavini Samir Qasımov bildirib ki, təmsil etdiyi qurum 10 ildən çox müddətdir Azərbaycanda tikinti sahəsində yeni standartlar yaratmağa nail olub. Cənubi Qafqazda tikinti sektorunun lider şirkətlərindən olan “Akkord” korporasiyası 2008-ci ildə Azərbaycanda ilk beton avtomobil yolunun tikintisi layihəsini həyata keçirib. “Akkord” 2009-cu ildə ilk xarici layihənin icrasına başlayıb, Gürcüstan və Qazaxıstanda ofislər yaradıb. Korporasiya Əfqanıstanda hərbi obyektin tikintisini həyata keçirib, Türkiyə, Özbəkistan və Ukrayna bazarına daxil olub. “Akkord” yeni biznes sahəsi olan su təchizatı və kanalizasiya infrastrukturu layihələrinin icrasına da başlayıb, Gürcüstanda bir neçə layihənin icrasını başa çatdırıb.
S.Qasımov qeyd edib ki, ümumi biznes fəaliyyətinin 65 faizini tikinti sahəsi təşkil edən “Akkord” korporasiyası Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılacaq təbii qazın Türkiyə ərazisindən Avropaya nəqlini nəzərdə tutan beynəlxalq əhəmiyyətli Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın inşasında da iştirak edir.
“Akkord”un baş direktorunun müavini bildirib ki, korporasiya öz inklüziv biznesindən irəli gələn tədbirləri həyata keçirir və keçirməkdədir. İnklüziv biznes anlayışı sosial məsuliyyətli biznes deməkdir. “Akkord”un Azərbaycanın müxtəlif bölgələrində təsis etdiyi istehsal obyektləri və müəssisələrə cəlb edilən yerli işçi qüvvəsi, müxtəlif xeyriyyə və sosial əhəmiyyətli tədbirlər, müxtəlif sosial təbəqədən olan insanların işlərə cəlb edilməsi məhz inklüziv biznesin tərkib hissəsidir.
Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores bildirib ki, inklüziv biznes anlayışı Azərbaycanda və bu ölkədə fəaliyyət göstərən şirkətlərdə mövcuddur. Həmin şirkətlər də bu biznes növündən irəli gələn bütün öhdəlikləri həyata keçirir və məsuliyyəti dərk edirlər.