Azərbaycanın AQEM-ə sədrliyi: Ortaq maraqlar əsasında əməkdaşlığın təşviqi - ŞƏRH
Bakı, 21 oktyabr, AZƏRTAC
Müasir dünyada geosiyasi rəqabətin gücləndiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi, beynəlxalq təhlükəsizlik və iqtisadi sabitliklə bağlı çağırışların artdığı bir şəraitdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi dialoq, qarşılıqlı etimad və ortaq maraqlar əsasında əməkdaşlığın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakının təmin edilməsi, dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və qlobal problemlərin həllində əməkdaşlığa əsaslanan yanaşmanın təşviqidir. AQEM-ə sədrliyin əsas istiqamətləri də məhz bu prinsiplərlə uzlaşır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.
O bildirib ki, Asiyanın qlobal siyasi və iqtisadi proseslərdə artan əhəmiyyəti beynəlxalq əməkdaşlıq platformalarının rolunu daha da gücləndirir. Dünya iqtisadiyyatının mühüm hissəsini, geniş nəqliyyat və enerji marşrutlarını, müxtəlif sivilizasiyaları və siyasi sistemləri özündə birləşdirən Asiya qitəsi həm imkanlar, həm də mürəkkəb çağırışlarla xarakterizə olunur. Belə bir şəraitdə dövlətlər arasında etimadın möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi regional sabitlik üçün vacib şərtlərdən biridir. Asiya qitəsinin təxminən 90 faizini əhatə edən və 28 üzv dövləti birləşdirən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platforması kimi geniş coğrafi və siyasi imkanlara malikdir. Bu xüsusiyyət təşkilata müxtəlif maraqları və yanaşmaları bir araya gətirmək, ümumi problemlərin müzakirəsi üçün şərait yaratmaq və regional əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək imkanı verir. Azərbaycanın AQEM-ə sədrliyinin mühüm nəticələrindən biri təşkilatın institusional imkanlarının genişləndirilməsi istiqamətində əldə edilmiş irəliləyişlərdir.
Azərbaycanın sədrliyi dövründə həyata keçirilən ən mühüm təşəbbüslərdən biri AQEM Qadınlar Şurasının yaradılmasıdır. Bu təşəbbüs təşkilat çərçivəsində qadınların rolunun gücləndirilməsi, onların iqtisadi və sosial proseslərdə iştirakının genişləndirilməsi və davamlı inkişaf məqsədlərinin təşviqi baxımından yeni imkanlar yaradıb.
Deputat qeyd edib ki, Azərbaycanın sədrliyinin əsas istiqamətlərindən biri AQEM-in beynəlxalq nüfuzunun artırılması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsi olub. Geniş üzvlüyü və çevik əməkdaşlıq mexanizmləri AQEM-ə Asiyada dialoq üçün mühüm imkanlar yaratsa da, bu imkanlardan səmərəli istifadə etmək üçün təşkilatın beynəlxalq tərəfdaşlıqlarının möhkəmləndirilməsi vacibdir. Azərbaycan sədrliyi mövcud əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması istiqamətində fəaliyyət göstərib. Bu yanaşma AQEM-in regional məsələlərin müzakirəsi ilə yanaşı, qlobal gündəlikdə duran problemlərin həllinə töhfə verə bilən platforma kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın sədrliyi dövrünün mühüm siyasi hadisələrindən biri olub. Beynəlxalq münasibətlərdə gərginliyin artdığı, müxtəlif regionlarda münaqişələrin davam etdiyi və dövlətlər arasında fikir ayrılıqlarının dərinləşdiyi bir şəraitdə belə bir yüksəksəviyyəli toplantının təşkili dialoq və etimad quruculuğunun əhəmiyyətini bir daha ön plana çıxarıb. Zirvə Görüşünün əhəmiyyəti, ilk növbədə, müxtəlif regionları və siyasi maraqları təmsil edən dövlətlərin nümayəndələrini ortaq platformada bir araya gətirməsindədir. Belə görüşlər dövlətlərə mövqelərini ifadə etmək, ortaq problemləri müzakirə etmək və əməkdaşlığın mümkün istiqamətlərini müəyyənləşdirmək imkanı verir.
“Azərbaycanın sədrliyi AQEM-in institusional imkanlarının gücləndirilməsi, əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Bu təcrübə göstərir ki, ardıcıl diplomatik fəaliyyət, ortaq maraqlara əsaslanan təşəbbüslər və qarşılıqlı etimadın möhkəmləndirilməsi regional əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır”, - Şahin İsmayılov vurğulayıb.