AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN BELARUSA RƏSMİ SƏFƏRİ
Görüşü giriş sözü ilə ölkəmizin Belarusdakı səfiri Tələt Əliyev açaraq, Belarusun Azərbaycan İcmaları Konqresinin sədri, sambo üzrə dəfələrlə dünya və Avropa çempionu, Belarusun cüdo üzrə yığma cüdo komandasının baş məşqçisi Natiq Bağırova söz verdi. O, Azərbaycan hökumətinin başçısını səmimiyyətlə salamlayaraq, Konqresin idarə heyətinin üzvlərini, fəallarını, tanınmış alimləri, həkimləri, ictimai xadimləri, sahibkarları - Rəhman İsmayılovu, Həsən Abdullayevi, Etibar Bağırovu, Rauf Sadıqovu, Tapdıq Abışovu və digərlərini ona təqdim etdi.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Baş nazir Artur Rasizadə həmvətənlərimizi öz sıralarını daha da möhkəmlətməyə, bütün dünya azərbaycanlılarının Prezidenti Heydər Əliyevin elan etdiyi siyasəti – milləti sıx birləşdirmək siyasətini əzmlə həyata keçirməyə çağırdı. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək planlarından və digər məsələlərdən danışdı.
Soydaşlarımız Baş naziri əmin etdilər ki, ümummillı lider Heydər Əliyevin siyasətinin davam etdirilməsini bundan sonra da dəstəkləyəcək, tarixi Vətənlə əlaqələri möhkəmləndirəcəklər.
A.Rasizadə Bakının təsvir olunduğu rəsm əsərini Konqresə hədiyyə etdi.
Görüşdə Baş nazirin birinci müavini Abbas Abbasov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan nümayəndə heyətinin digər üzvləri, diplomatlarımız iştirak edirdilər.
X X X
Martın 31-də səhər Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizin hökumət nümayəndə heyətinin üzvləri ilə birlikdə Minskin Qələbə meydanındakı abidə önünə əklil qoydu. Hər bir belarus üçün bu müqəddəs yerdə, Əbədi məşəl önündə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
X X X
Həmin gün Belarus Respublikasının Nazirlər Şurasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclası keçirildi. Komissiyanın həmsədrləri Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov, Belarus tərəfindən hökumət başçısının müavini Andrey Kobyakovdur.
Tərəflər Belarus-Azərbaycan münasibətlərinin aktual məsələlərini müzakirə etdilər, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın perspektiv istiqamətlərini müəyyənləşdirdilər.
Komissiyanın ilk iclasının yekunlarına əsasən protokol imzalandı. Sənəddə sənaye, kənd təsərrüfatı, nəqliyyat, elm, mədəniyyət, idman və turizm sahəsində bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Komissiyanın növbəti iclasını cari ilin sonunadək Bakıda keçirmək barədə razılaşma əldə edildi.
Azərbaycanın Baş naziri Artur Rasizadə Hökumət evində belaruslu həmkarı Sergey Sidorski ilə təkbətək danışıqlar apardı.
Sonra Hökumət evinin Ağ salonunda A.Rasizadənin və S.Sidorskinin geniş tərkibdə danışıqları oldu. Görüşdə A.Rasizadə Azərbaycanın siyasi və iqtisadi həyatının müxtəlif sahələri barədə məlumat verdi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, respublikamızda bir milyon qaçqın və məcburi köçkünün olmasından, digər məsələlərdən danışdı.
X X X
Hökumətlərarası komissiyanın ilk iclasının gedişində aparılmış danışıqlardan sonra ikitərəfli sənədlər - Azad ticarət haqqında saziş, Belarus Respublikası və Azərbaycan Respublikası hökumət nümayəndə heyətlərinin danışıqları zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi sahəsində birgə tədbirlər protokolunun layihəsi imzalandı. Sənədləri hökumət başçıları Artur Rasizadə və Sergey Sidorski imzaladılar. Hava əlaqəsi haqqında saziş və Belarus Respublikasının Nazirlər Şurası yanında Torpaq Ehtiyatları, Geodeziya və Xəritəçəkmə Komitəsi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında geodeziya, xəritəçəkmə, yer quruluşu və torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında saziş də imzalandı. Bu sənədləri Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov imzaladı. Belarus Respublikasının XİN ilə Azərbaycan Respublikasının XİN arasında əməkdaşlıq haqqında protokol da imzalandı. Bu sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov imzaladı.
Görüşlərdən və sənədlər imzalandıqdan sonra A.Rasizadə və S.Sidorski yerli və xarici jurnalistlərin suallarına cavab verdilər.
Martın 31-də Baş nazir A.Rasizadə “Atlant” Qapalı Səhmdar Cəmiyyətində, Minsk avtomobil və traktor zavodlarında oldu.
Azərbaycan Baş nazirinin Belarusa rəsmi səfəri davam edir.