Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var
Bakı, 13 iyul, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı videoçarx nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Xüsusilə diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün Prezident İlham Əliyevın uzaqgörən siyasəti, gərgin əməyi və qətiyyəti sayəsində daha da inkişaf edir, tarixi Zəfərin təntənəsi ilə özünün ən qüdrətli və güclü dövrünü yaşayan ölkəmizdə böyük islahatlar həyata keçirilir.
Tədbir bədii hissə ilə davam edib.