Azərbaycanın elmi-tədqiqat institutu Misir universiteti ilə əməkdaşlığa başlayır
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları Misirin Qahirə şəhərində Misir Neft Tədqiqatları İnstitutunda keçirilən XXI beynəlxalq “Neft, mineral resurslar və inkişaf” konfransında iştirak ediblər.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, konfransda institutun bir qrup əməkdaşının tezisləri stend olaraq təqdim edilib.
Konfrans çərçivəsində AMEA-nın Neft Kimya İnstitutu ilə Misir-Çin Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu NKPİ-nin direktorunun elmi işlər üzrə müavini, dosent Təranə Məmmədova və Misir-Çin Universitetinin rektoru, professor Ashraf M. El Shihy imzalayıblar. Sənəddə tələbə, müəllim, elmi işçilər üçün mübadilə proqramları, elmi işçilər və müəllimlərin ezamiyyətləri, mədəniyyət proqramları, birgə tədqiqat layihələri və digər məsələlər nəzərdə tutulub.
Azərbaycan alimləri Misir Neft Tədqiqatları İnstitutunun tədqiqat laboratoriyaları, istehsalat sahələri, həmçinin neft kimyası, neft emalı, kataliz, korroziya, analitik kimya, nanomateriallar kimyası, nanotexnologiya şöbələrində aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Bununla yanaşı, müştərək elmi-tədqiqatların aparılması istiqamətində danışıqlar aparıblar.
İnstitutun əməkdaşları Təranə Məmmədova, Leylufər Əliyeva və Gülbəniz Muxtarova Misirin yerli televiziya kanallarından birinə müsahibə verib, konfransla bağlı təəssüratlarını bölüşüblər.