Azərbaycanın gənclər və idman naziri Avropa Şahmat İttifaqının prezidenti ilə görüşüb
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov dekabrın 24-də Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və icraiyyə komitəsinin üzvü Sərxan Həşimov da iştirak ediblər.
Qonaqları salamlayan nazir şahmat üzrə Vüqar Həşimov memorialının uğurla keçirilməsi münasibətilə təşkilatçıları təbrik edib.
“Vüqar Həşimov memorialı-2021” turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Avropa Şahmat İttifaqının prezidenti səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələri olduğunu qeyd edib.