SİYASƏT
Azərbaycanın Gürcüstandakı səfirliyində və Batumidə səsvermə keçirilir
Tbilisi, 7 fevral, AZƏRTAC
Fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 7-də səhər saat 8:00-da məntəqə açılıb və səsvermə başlayıb.
Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçkilər ölkəmiz üçün tarixi hadisədir. Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün bölgələrində prezident seçkiləri keçirilir.
Onun sözlərinə görə, hazırda Gürcüstanda çalışan, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs verə biləcəklər. Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb.
Vətəndaşları fəal səsverməyə dəvət edən səfir özü ilk növbədə səs verib.
Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb.
Qeyd edək ki, səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq.
Məlumat üçün bildirək ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir. 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) ölkəmizin Tbilisidəki səfirliyində yaradılıb, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 57 saylı Məntəqə Seçki Komissiyası isə Batumidə yaradılıb. Batumi Məntəqə Seçki Komissiyanın sədri, Baş konsul Pərviz İsmayılzadə bildirib ki, məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs verəcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Pərviz İsmayılzadə konsulluğun əməkdaşlarına və Batumidəki soydaşlarımıza uğurlar arzulayıb, ilk səs verib.
Səsvermə saat 19:00-da başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi