AZƏRBAYCANIN İQTİSADİYYATI BU GÜN GÖRÜNMƏMİŞ RƏQƏMLƏRLƏ SƏCİYYƏLƏNİR
Azərbaycanın iqtisadiyyatı bu gün görünməmiş rəqəmlərlə səciyyələnir. Bunu Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun iştirakçısı, ABŞ-ın Havaya ştatından olan dövlət qulluqçusu xanım Rida Kabanilla AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən keçən qısa müddətdə neft ehtiyatlarının hasilatı sahəsində inqilab etmiş, müxtəlif marşrutlarla dünya bazarlarına çıxarmağı bacarmışdır. Əvvəllər də Azərbaycanda olduğunu qeyd edən qonaq, uzun fasilədən sonra gəldiyi Bakıda tamamilə başqa dünya ilə qarşılaşdığını bildirmişdir. O demişdir ki, ölkənin zənginləşdiyini şəhərdəki yollardan da görmək mümkündür. Həmin yollarla şütüyən bahalı avtomobillər, ucaldılan dəbdəbəli binalar diqqəti cəlb edir. Ölkənizin iqtisadiyyatı bu gün görünməmiş yüksək templə inkişaf edir.
Amerikalı qonaq demişdir ki, burada ağla gələn ilk sual “Neft olmasa nə olardı” sualıdır. Bunun üçün qeyri-neft sektoruna baxmaq lazımdır. Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın neftin qiymətindən asılılığını azaltmaqla yanaşı, gələcəyin riskli olmaması baxımından da vacibdir. Bununla yanaşı, əldə edilən gəlirin ədalətli bölünməsi də mühüm məsələdir. Azərbaycanda bu məsələlər haqqında ciddi düşünənlər vardır. Neftdən əldə edilən gəlirlərlə qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətidir.
Xəzər dənizinin ölkəmiz üçün əhəmiyyətindən danışan xanım Kabanilla bildirmişdir ki, Azərbaycanın ən böyük sərvəti, şübhəsiz ki, onun istedadlı xalqı və bərəkətli torpağıdır. Hesab edirəm ki, bu sırada üçüncü yerdə Xəzər dənizi durur. Xəzər regionu bu gün bütün dünyanın diqqət mərkəzindədir və gələcəyin enerji təhlükəsizliyi məsələsi bu diqqətin uzun müddət davam edəcəyini göstərir.
R.Kabanilla ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın ABŞ ilə əlaqələrinin qurulmasında misilsiz xidmətlərini də xüsusi vurğulamışdır. Amerikalı qonaq bildirmişdir ki, Heydər Əliyev Cənubi Qafqazda uzun müddət lider şəxsiyyət olmuşdur. Bu gün Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin səyləri həyati əhəmiyyət daşımışdır.
Eyni zamanda, Heydər Əliyevin mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər Azərbaycanın XXI əsrə müasir, sivil dövlət kimi daxil olmasına imkan yaratmışdır.
