Azərbaycanın kişi idman gimnastları gümüş medala sahib olublar
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında kişilərdən ibarət komandamız gümüş medala sahib olub.
AZƏRTAC xəbər verir ki, yarışlarda Azərbaycanı təmsil edən Murad Ağarzayev, Timur Bayramov, Talas Bence komandamızın aktivinə 161.700 xal yazdırıblar.
Yarışda Türkiyə 163.450 xalla birinci, İran isə 152.150 xalla üçüncü yeri tutub.
Mükafatlandırma mərasimində medalları atletlərə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe təqdim edib.
Çempion idmançıların şərəfinə Türkiyənin dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.