Azərbaycanın kurort zonaları beynəlxalq miqyasda tanıdılacaqdır
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi və Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurasının birgə təşkilatçılığı ilə iki ölkə arasında sağlamlıq turizminin imkanlarının daha da geniş auditoriyada tanıdılması, eləcə də geniş fəaliyyətə başlaması məqsədi ilə konfrans keçirilmişdir.
Konfrans Azərbaycanın dövlət himninin və Türkiyə milli marşının səsləndirilməsi ilə başlanmışdır.
AZƏRTAC xəbər verir ki, konfransda “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyinin sədri Ruslan Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı şöbəsinin müdiri Mahir Qəhrəmanov çıxış edərək Azərbaycanın kurort potensialının böyük olduğundan, daxili turizmin inkişafında, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində dövlət proqramına əsasən həyata keçirilən tədbirlərdən danışmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsunkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. Ölkəmizdə müalicəvi kurort zonalarının xarici ölkələrdə də tanınması zəruridir. Azərbaycanda vaxtilə məşhur olmuş müalicəvi sanatoriyalar vardır ki, həmin kurortların potensialından daha səmərəli istifadə üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirin keçirilməsinə fond tərəfindən dəstək verdiklərini qeyd edərək konfransın işinə uğurlar arzulamışdır.
Afyon Kocatepe Universitetinin rektoru Mustafa Solak, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan da Azərbaycanın kurort imkanlarının beynəlxalq miqyasda tanıdılması istiqamətində qarşılıqlı iş birliyinin qurulmasının zəruriliyini vurğulamışlar.
Çıxışlarda Türkiyədəki müalicəvi turizm obyektlərinin müştərilərə göstərdiyi xidmətdən söz açaraq bildirilmişdir ki, həmin şəfalı məkanlarda turistlərin qalması üçün yüksək səviyyədə otellər xidmət göstərir.
“Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyinin sədri Ruslan Quliyev yeni təsis etdikləri QHT-nin fəaliyyət planını da açıqlamışdır. Bildirmişdir ki, Azərbaycanın kurort imkanlarının tanıdılması məqsədi ilə həmin kurortların vahid məlumat bazası da yaradılacaqdır. Azərbaycanın müalicəvi kurort potensialından söz açan QHT sədri həmin turizm obyektlərinin xarici turistləri cəlb etmək imkanlarının genişləndirilməsi istiqamətində Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurasının təcrübəsindən bəhrələnəcəklərini bildirmişdir. Qeyd etmişdir ki, müalicəvi kurortlar turizmin elə sahəsidir ki, burada mövsümlə bağlı müştəri azlığı olmur. Ona görə də turizmin bu sahəsi daha rentabelli sayılır. Biz də çalışmalıyıq ki, Azərbaycanın müalicəvi kurortları təkcə ölkəmizin vətəndaşlarını deyil, xarici turistləri də cəlb etsin.
Sonda “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi ilə Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.