Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
İstanbul, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətimiz səfər çərçivəsində İstanbulda olub.
Nazir Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb.
Proqram TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin məhz qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edilib ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində də hər platformada Azərbaycanın yanında olduğunu bütün dünyaya nümayiş etdirib ki, bu da Azərbaycan üçün çox vacib idi.
İki qardaş ölkə arasında hər sahə üzrə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir bu əlaqələrin mədəniyyət sahəsini də geniş əhatə etdiyini, bu sahə üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Daha sonra sənətçilərin gələcəyə dair yaradıcılıq planları, mövcud imkanlar və perspektivlər müzakirə olunub. Türkiyənin məşhur 18 kino şirkəti ilə görüşlərin keçiriləcəyi, əhatəli layihələrin nəzərdə tutulduğu bildirilib.
Görüş zamanı Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin 2020-ci ildə vəfat edən qızı Feyzavər Alpsar Turanın vəsiyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanları əsasında ona təqdim edilən “Dostluq” ordeni və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı İstiqlal Muzeyinə verilməsi üçün nazirə təqdim edilib. Xatırladaq ki, Feyzavər Alpsar Turan tərəfindən Əli bəy Hüseynzadəyə aid 161 ədəd şəxsi əşyasından ibarət arxiv də 2017-ci ildə İstiqlal Muzeyinə hədiyyə olunub.
Nümayəndə heyətimizin İstanbula səfəri davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul