Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində sənəd imzalanıb
Bakı, 26 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi (ETN) ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması ilə əlaqədar mayın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Universitetin Heydər Əliyev Mərkəzində davam edən imzalanma tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək müasir təhsil sistemi, bu sahədə aparılan islahatlar, ali məktəblərin bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbul proqramları haqqında ətraflı məlumat verib. Nazir müavini imzalanacaq memorandumla iki nazirlik arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını qeyd edib. İdris İsayev müasir təhsilvermənin tələbləri nəzərə alınmaqla hazırlanmış çoxistiqamətli əməkdaşlığı ehtiva edən sənədin müdafiə sənayesi üzrə kadr hazırlığına olan tələbatın, o cümlədən yeni texnologiyalar sahəsində bilik və bacarıqlara malik yüksəkixtisaslı mühəndis kadr hazırlığının təmin edilməsində xüsusi rol oynayacağını vurğulayıb.
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı, sahəvi mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin daha da inkişaf etdirilməsi məqsədilə ETN və onun strukturuna daxil olan elmi-tədqiqat institutları, eləcə də ali və peşə təhsili müəssisələri ilə səmərəli əməkdaşlıq edildiyini, bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Hidayət Əzimov memorandumun ölkəmizin prioritet inkişaf istiqamətləri üzrə kadrlara olan tələbatının, o cümlədən yeni texnologiyalar sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlığının təmin edilməsinə geniş imkanlar yaratdığını, müasir dövrdə sənaye-universitet əlaqələrinin inkişafı baxımından bu sənədin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
AzTU-nun rektoru Vilayət Vəliyev isə çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə MSN arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, Nazirlər Kabinetinin müvafiq qərarı və MSN-in təşəbbüsü əsasında 2012-ci ildən AzTU-da Xüsusi texnika və texnologiya fakültəsinin uğurla fəaliyyət göstərdiyini, təhsil müddətində yüksək nailiyyətlər əldə etmiş məzunların əksəriyyətinin MSN-in müəssisələrində müvəffəqiyyətlə çalışdıqlarını vurğulayıb. Rektor müdafiə sənayesi üzrə kadr hazırlığı ilə bağlı çağdaş dövrün tələblərinə uyğun yeni strategiya hazırlandığını diqqətə çatdırıb.
Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdə MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Emil İbrahimov, MSN-in və ETN-in digər rəhbər işçiləri, universitetin müəllim və professor heyəti, həmçinin akademik göstəriciləri yüksək olan bir qrup tələbə iştirak edib.