Azərbaycanın parataekvondo üzrə milli komandası Avropa çempionatına ciddi hazırlaşır
Bakı, 31 yanvar, AZƏRTAC
Ötən il Beynəlxalq Paralimpiya Komitəsi parataekvondonun 2020-ci il Yay Paralimpiya Oyunlarının proqramına salınması
barədə qərar qəbul edib.
Azərbaycanın parataekvondo üzrə milli komandası da həmin Oyunlarda iştirak edəcək. Ona görə hazırlıqlarımızın əsas hissəsi 2016-cı ildən sonra başlayacaq. Ancaq buna baxmayaraq, təlim-məşqlərimiz davam edir. Cari ilin sentyabrında Polşada parataekvondo üzrə növbəti Avropa çempionatı keçiriləcək. Hazırda biz bu çempionata ciddi hazırlaşırıq. Reytinq kateqoriyalı bu yarışda yaxşı nəticə göstərən idmançıların Paralimpiya Oyunlarında iştirakı müəyyən edilir.
Bu sözləri Azərbaycanın parataekvondo üzrə milli komandasının baş məşqçisi, Əməkdar Məşqçi Əvəz Tağıyev yığmamızın gələcək yarışlara hazırlığı ilə bağlı AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Baş məşqçi bildirib ki, milli komandamıza 13 idmançı daxildir. Ancaq təlim-məşqlərə yeni qız idmançıları da cəlb etmişik. Məqsədimiz komandamızda olmayan bəzi çəki dərəcəsi üzrə idmançılar yetişdirib, onları yarışlara hazırlamaqdır.
“Hazırda biz seçmə turnirə hazırlaşırıq. Yığma komandanın builki seçmə turniri apreldə respublika birinciliyi olacaq. Orada seçilən yeni idmançıları milli komandaya dəvət edəcəyik. Gələn ildən daha çox turnirlərə qatılacağıq. Paralimpiya Oyunlarına lisenziya qazanmaq üçün reytinq xalları yığmalıyıq və ona görə bütün yarışlarda iştirak etməliyik. Əsas məqsəd 2020-ci ildə Paralimpiya Oyunlarında yüksək nəticələr göstərərək medallar qazanmaqdır”, - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, 2020-ci il avqustun 25-dən sentyabrın 6-dək Yaponiyada keçiriləcək Yay Paralimpiya Oyunlarında idmanın parataekvondo da daxil olmaqla 22 növü üzrə medallar uğrunda mübarizə aparılacaq.
2009-cu ildə yaradılan parataekvondo üzrə milli komandaya Azərbaycan Taekvondo Federasiyası tərəfindən göstərilən diqqət və qayğı çox keçmədən özünü doğruldub. Komanda bu illər ərzində bir neçə dəfə Avropa və dünya çempionu adına layiq görülərək planetin ən güclü kollektivləri sırasında qərarlaşıb.